“Azərbaycanın iqtisadi qüdrətinin artırılması, Qarabağa böyük Qayıdış, Şərqi Zəngəzurun dirçəldilməsi, erməni vandallarının dağıtdığı dini-mənəvi abidələrimizin bərpa və yenidənqurulması istiqamətində görülən misilsiz işlər qəlbimizi fəxarətlə döyündürür. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qətiyyətli, müstəqil və uğurlu daxili və xarici siyasəti dövlətimizin davamlı inkişafı və xoşbəxt gələcəyinə xidmət edir”.
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
O deyib ki, lakin müstəqilliyimizi və qələbəmizi həzm edə bilməyən, nailiyyətlərimizi gözü götürməyən bədxah qüvvələr Azərbaycanın inkişafından, müstəqil siyasətindən ciddi narahat olaraq ölkəmizin daxili işlərinə müdaxilə etməyə, sabitliyi pozmağa cəhdlər edirlər:
“Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövrdə Qarabağdakı məscid və məbədlərin dağıdılmasına, onların vandalizmə məruz qalmasına, islamda haram buyurulan heyvanlar saxlanılmaqla həqarət olunmasına, xalqımıza qarşı etnik təmizləmə və terrora susqun qalanların, Xocalıda, Ağdabanda azərbaycanlılara qarşı soyqırım törədən faşist, islamofob Ermənistana dəstək verən, separatçılara yardım edənlərin dini dəyərlərin təəssübkeşi kimi danışmağa haqqı yoxdur.
Ölkəmizin Tehrandakı səfirliyinə insan qətli ilə nəticələnən terror hücumu, dövlət atributlarımıza qarşı hörmətsizlik, Konstitusion quruluşumuza qarşı təxribatçı xarakterli təbliğat, siyasi-ictimai xadimlərimizin hədəf alınması insani və beynəlxalq hüquq normalarına zidd hallardır.
Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən, müsəlman qonşusuna təcavüz edən, əli müsəlman qanına bulaşmış zalım Ermənistana İran İslam Respublikasının hərtərəfli dəstəyi, qədim Azərbaycan məskəni Qafanda konsulluq açması, hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəs olan Araz çayı boyunca hərbi təlimlər keçirməsi, işğalçı, qəsbkar Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi ilə bərabər tutması Ermənistanı yeni müharibəyə cəsarətləndirmək, revanşizmə kökləməkdir və açıq anti-Azərbaycan siyasətinin tərkib hissəsidir.
Bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir və qətiyyətlə qınanılır.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən qonşuları ilə, o cümlədən, İran dövləti ilə mehriban qonşuluq, İslami həmrəylik prinsiplərinə əsaslanan münasibətlər qurmaq, bütün müstəvilərdə əlaqələri dərinləşdirilmək niyyəti nümayiş etdirib. Bu gün də Azərbaycan cəmiyyəti bu prinsipləri əsas tutur və eyni münasibəti qarşı tərəfdən də gözləyir”.
Bizim.Media