İngiltərə ilə birgə hərbi təlimlərə başlayan Ukrayna öz hərbi sistemini yenidən nəzərdən keçirir.
Bizim.Media “Sputnik Türkiyə” saytına əsasən məlumat verir ki, Nikolayev şəhərində “Döyüşçü gözətçi - 2020” adı altında həyata keçirilən hərbi təlimlərdə əsasən dəniz və hava qüvvələrinə üstünlük verilib.
Təlim çərçivəsində mühüm strateji əhəmiyyətli məntəqələrin, hava və dəniz limanlarının NATO standartları çərçivəsində qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyət planı icra olunub. Mümkün hücum risqləri dəyərləndirilib.
Eyni zamanda, İngiltərə Müdafiə Nazirliyi avqust ayında Qara dənizdə risqlərin qarşısının alınması ilə bağlı Ukrayna ilə ortaq təlimlərə başlayacağı haqqında məlumat vermişdi.
Analitiklərin fikrincə, Qara dəniz hazırda dünyanın əsas gərginlik mərkəzlərindən biri olaraq qalır. Bölgədə güclənməyə çalışan NATO-nun Rusiya ilə toqquşması ehtimalı hər keçən gün daha da artır. Digər tərəfdən, Ukrayna pozulmuş ərazi bütövlüyünü bərpa etmək üçün hərbi potensialını artırır, ABŞ və İngiltərə ilə hərbi əməkdaşlığını sürətləndirir.
Qarabağ münaqişəsi ilə bağlı son proseslər Ukraynanın ərazi bütövlüyünü diplomatik yollarla təmin etmək məsələsində o qədər də geniş seçim imkanlarının olmadığını göstərdi. İngiltərə ilə keçirilən birgə təlimlər də Ukraynanın hər ehtimalı nəzərdə saxladığını və mümkün risqləri dəyərləndirdiyinin göstəricisidir.
Bizim.Media