İrəvan-Tehran yaxınlaşmasının NƏTİCƏSİ – ABŞ Azərbaycanla əməkdaşlıqda niyə maraqlıdır?

İrəvan-Tehran yaxınlaşmasının NƏTİCƏSİ – ABŞ Azərbaycanla əməkdaşlıqda niyə maraqlıdır?

Hazırda oxunan: İrəvan-Tehran yaxınlaşmasının NƏTİCƏSİ – ABŞ Azərbaycanla əməkdaşlıqda niyə maraqlıdır?

130186

İranla Ermənistan arasında silah satışı ilə bağlı razılaşma əldə edilməsinə paralel olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Pentaqonda ABŞ-la regional təhlükəsizlik məsələlərini müzakirə edib. Belə ki, aprelin 10-da Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ABŞ-a səfər edib.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.

Proses Qafqaz regionu uğrunda geosiyasi mübarizənin gücləndiyinə dəlalət edir. Belə ki, Azərbaycanın 44 günlük müharibədə qələbəsi regionda yeni geosiyasi reallıqlar yaradıb. Bu fonda qlobal güclər də regionda yaranan yeni vəziyyətdən öz maraqları naminə bəhrələnməyə çalışırlar. 

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev regionumuzda maraqlar və güclər balansının necə dəyişdiyinə aydınlıq gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib - FOTO


Onun sözlərinə görə, 44 günlük müharibədən sonra regionda yaranan yeni geosiyasi reallıqlar fonunda Türkiyə və Pakistanın bölgəmizdəki mövqeyi güclənib: 

“44 günlük müharibədən sonra bölgəmizdə yeni geosiyasi reallıqlar yarandı. İran bölgədən itələndi. Ermənistanın məğlub olması ilə onu dəstəkləyən Tehranın bölgədə təsiri zəiflədi. Tehran Ermənistana açıq dəstək verməsilə Azərbaycanla münasibətləri də zədələdi. 

Digər tərəfdən, Azərbaycana dəstək verən Türkiyə və Pakistanın təsirləri gücləndi. İran isə yeni reallıqları qəbul etmək istəmir. Bunun qarşısını almaq, İranın destruktiv meyllərdən uzaqlaşması üçün Ankara və Bakı “3+3” formatını təqdim etdi. Lakin Tehran bunu da göründüyü kimi qəbul etmədi”. 

Ekspertin fikrincə, İran Azərbaycana təzyiq etməklə bölgədəki nüfuzunu geri qaytara biləcəyini düşünür: 

“Bu isə mümkünsüzdür. Çünki İran təzyiq etmək üçün ölkəmizə qarşı təxribat xarakterli addımlar atır. Bunun qarşılığında Azərbaycan isə İranla olan münasibətləri daha aşağı səviyyəyə salır. Diplomatik münasibətlər hardasa dondurulmaq səviyyəsinə gəlib çatıb.

İran həmçinin, açıq şəkildə Ermənistanla hərbi ittifaqa dəvət edirlər. Bu alınmadıqda belə, Ermənistana silah, PUA-lar, raket verməyə hazır olduqlarını bildirirlər. Bu isə açıq şəkildə Azərbaycana qarşı çıxmaq deməkdir”. 

Politoloq qeyd edir ki, yaranmış vəziyyətdə Bakı ilə Ankara İranın artan təxribat meyllərinə qarşı əməkdaşlığı daha da gücləndirəcəklər: 

“Bundan başqa, Bakı Pakistan, İsrail, hətta ABŞ-la hərbi texnoloji əməkdaşlıqda maraqlı olacaq. Bu da bölgədə yeni eskalasiya yarada bilər. Düşünürəm ki, indiki dövrdə İran bunda maraqlı olmayacaq. Çünki belə bir eskalasiya İranın ağır məğlubiyyəti, hətta mövcud rejimin çökməsilə nəticələnə bilər. 
Yaranmış vəziyyətdə İranın təxribatçı addımlarına qarşı Bakı, ola bilsin ki, ABŞ-dan da siyasi-psixoloji, hətta maddi-texniki dəstək də alsın. Azərbaycan Hərbi-Hava Qüvvələri komandanının ABŞ-a səfərini bu müstəvidə də dəyərləndirmək olar”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO