ABŞ-ın dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub.
Azərbaycan Prezidenti qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə Laçın-Xankəndi yolu ilə 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Ona görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur.
Prezident Azərbaycanın sülh gündəliyinə tam sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazır olduğunu da qeyd edib.
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, ABŞ bölgəmizdə sülhün olmasında maraqlıdırsa, Ermənistana təzyiq göstərməli, onu doğru yola gətirməlidir:
“ABŞ bütün dünyada, o cümlədən Qafqaz bölgəsində birtərəfli siyasət yeridir. Bu ölkə yerli-yersiz problemlərin güc yolu ilə həllinin olmadığını bəyan etməklə məşğuldur. Amma özlərinə lazım olanda gücdən istifadə etməkdən belə çəkinmir, ölkələri bir-birilə toqquşdurur. Bu gün Ermənistanın silahlandırıldığının şahidi oluruq. İrəvan Paris və Berlinin yedəyində gedərək, revanşizm ideyalarını həyata keçirməyə çalışır”.
Blinkenin telefon zəngi həmsöhbətimizə görə, bir daha göstərir ki, Qərb özünün riyakar mövqeyindən əl çəkməyib:
“Zahiri görüşün etibarı ilə, o bu zənglə guya müdriklik göstərir, amma əslində Ermənistan və ona dəstək verən dövlətlərin fitnə-fəsadlarına göz yumur. Odur ki, Azərbaycan dövləti yenə də yalnız öz gücünə arxalanacaq. Ermənistan müharibə istəyirsə, onu alacaq. Bu müharibədə Azərbaycan yenə də öz sözünü deyəcək və Ermənistana bir daha hər hansı bir təhdid törətməyə şans qoymayacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:10 / 22.03.2023
"Ermənistan müharibə istəyirsə, onu alacaq" - Tofiq Abbasovdan vacib AÇIQLAMA
Hazırda oxunan: "Ermənistan müharibə istəyirsə, onu alacaq" - Tofiq Abbasovdan vacib AÇIQLAMA
Hazırda oxunan: "Ermənistan müharibə istəyirsə, onu alacaq" - Tofiq Abbasovdan vacib AÇIQLAMA
126725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.