“Türk Dövlətləri günbəgün vahid və mükəmməl güc kimi çıxış edir” - Hikmət Babaoğlu

“Türk Dövlətləri günbəgün vahid və mükəmməl güc kimi çıxış edir” - Hikmət Babaoğlu

Hazırda oxunan: “Türk Dövlətləri günbəgün vahid və mükəmməl güc kimi çıxış edir” - Hikmət Babaoğlu

126051

Azərbaycan və Türkiyənin dostluq və qardaşlığı əbədidir və günü-gündən daha da möhkəmlənir. Türkiyədə baş verən və 49 min insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələ ilə əlaqədar olaraq Azərbaycan qardaş ölkəyə hərtərəfli yardım əlini uzatdı. 

Bu günə qədər Azərbaycandan Türkiyəyə 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) civarında humanitar və maliyyə yardımı göstərilib. 

Azərbaycandan gedən 669 xilasedici 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsəd çıxararaq yaxınlarına verib. Fəlakət bölgəsində ölkəmizdən gedən 121 həkim və tibbi personal, 150 könüllü də öz dəstəyini göstərib. 

Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq göndərilib. Zəlzələ bölgəsinə 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.

Heydər Əliyev Fondu Türkiyədəki faciəyə ilk reaksiya verən təşkilatlardan biri olub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib.

Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təklifilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü də iki qardaş xalq arasında möhkəm və sarsılmaz birliyin yarandığının bariz nümunəsidir. 

Mövzu ilə bağlı Bizim.Media-ya müsahibəsində Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Türkiyədə baş verən təbii fəlakətlə əlaqədar olaraq Azərbaycan özünün bütün resursları ilə qardaş ölkənin yanında olub:

“Azərbaycan bu fonda Türkiyəyə hərtərəfli yardım etdi. Əsas məqam odur ki, Azərbaycan xilasediciləri, qeyri-hökumət təşkilatları, hər bir vətəndaşımız qardaş Türkiyədə baş verən zəlzələni öz faciələri kimi yaşayaraq böyük bir həmrəylik nümayiş etdirdilər. Buna maliyyə vahidi ilə dəyər vermək olmaz. Bu böyük mənəvi dəyər idi. Əsas diqqət ona yönəlməlidir ki, tarixi mədəniyyət etibarı ilə eyni kökdən olan Türkiyə və Azərbaycan xalqları növbəti dəfə vahidlik üçün birlik nümayiş etdirə bildilər. Baş vermiş fəlakət çoxsaylı insanı evsiz-eşiksiz qoydu. İnsanlar həyatlarını, əllərində olanları itirdilər. Bu kontekstdə maddi yardımlar da qiymətlidir. Hansı ki, Azərbaycan da böyük məbləğdə maddi yardımla Türkiyənin yanında oldu. Bu da son deyil. Mənəvi və maddi platformada atılması zəruri olan addımları Azərbaycan bundan sonra da atacaq”- deyən millət vəkili Azərbaycan Türkiyə birliyini bəzi sualları da cavablandırıb.  

- Bu yardımlarda Heydər Əliyev Fondunun da mühüm və müstəsna iştirakı olub.  

- Bu yardım prosesində öndə olan təşkilatlardan biri də Heydər Əliyev Fondu oldu. Fond təkcə özü yardım etmədi, həm də xalqımızn müxtəlif iqtisadi resurslarına malik olan qaynaqları da yardıma qoşulmağa bir növ təşviq etdi. Heydər Əliyev Fondunun yardım prosesində öndə olması Türkiyə ilə Azərbaycan münasibətlərində yeni bir mənəvi birlik səhifəsi yaratdı. Türkiyə-Azərbaycan qardaşlığının tarixi imtahandan daha güclənmiş formasında çıxmasında şübhəsiz ki, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük rolu vardır. 

- Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının fövqəladə zirvə toplantısı da Azərbaycanla Türkiyə arasında qardaşlıq və birliyin mühüm önəm daşıdığının bariz nümunəsi deyilmi? 

- Ankarada keçirilən TDT-yə üzv dövlətlərin liderlərinin fövqəladə toplantısı da məhz Azərbaycanın təşəbbüsü ilə baş tutur. Burada öndə olan aktual məsələ də Türkiyədə baş vermiş fəlakətdən sonra yaranmış vəziyyətin təhlili və TDT-yə üzv dövlətlərin resurslarının qardaş ölkəyə yardım üçün səfərbər olunması və onun kordinasiyalı şəkildə idarə olunmasına həsr olunub. Bakının bu təşəbbüsü də Türkiyə-Azərbaycan münasibətləri kontekstində yüksək qiymətləndirilməlidir. Həm də mühüm bir presedent yaradır. Bu addım TDT-yə üzv olan ölkələrin hər hansı birində baş verə biləcək fövqəladə vəziyyətə qarşı qurumun ortaq, sinxron hərəkəti yolunda yaxşı bir nümunə yaradır. Bu mənada Azərbaycan Prezidentinin təşəbbüsü ilə fövqəladə toplantının keçirilməsi fikrimcə, TDT tarixində yeni hadisədir. Yəni qurum təkcə mədəni-siyasi təşkilat deyil, həm də humanitar-sosial məsələlərdə bir-birinin ehtiyaclarını qarşılıqlı şəkildə ödəməyə hazır olan mühüm bir sosial dayanışma təşkilatıdır.

- Bu istiqamətdə atılan addımlar türk dövlətlərinin gələcək birliyinə nələr vəd edir?

- Hazırkı mürəkkəb tarixi şəraitdə, müxtəlif təbii fəlakələrin yaşandığı bir mərhələdə heç bir ölkə ayrılıqda özünün humanitar məsələlərlə bağlı problemlərini təkbaşına həll etmək iqtidarında deyil. Xaric təhdidlər, həm də qlobal iqlim dəyişikliyinin yaratdığı təhdidlərə qarşı ortaq və birgə mübarizə səyləri daha aktual çağırışa çevrilib. Türk Dövlətləri günbəgün vahid və müəkəmməl güc kimi çıxış etməyə başlayıb.

Ankaradakı zirvə toplantısında müzakirə olunan məsələlər həm də bundan sonrakı mərhələdə TDT-yə üzv qardaş ölkələrin mümkün bütün hadisələrə qarşı mübarizədə birləşmələrilə yadda qaldı. Üzv ölkələrin hər biri başa düşür ki, hər hansı bir fövqəladə vəziyyət zamanı o tək deyil, qardaşları onun yanındadır. Bu isə quruma üzv ölkələrin bundan sonrakı mərhələdə də qarşılıqlı şəkildə inteqrasiya etməsi, bir-birinə daha çox etibar və etimad etməsi baxımından təşkilatın potensial və gücünü daha da artıracaq.   

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO