Son dönəmlərdə yaxınlarını itirən SİYASİLƏR – ARAŞDIRMA

Son dönəmlərdə yaxınlarını itirən SİYASİLƏR – ARAŞDIRMA

Hazırda oxunan: Son dönəmlərdə yaxınlarını itirən SİYASİLƏR – ARAŞDIRMA

125505

Ölüm kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq bir gün hamımızın qapısını döyür. Gec, ya tez hər canlı ölümü dadır. Son zamanlarda isə siyasətçilər içərisində yaxınlarını itirənlərin sayı kifayət qədərdir. Belə ki, son bir ildə bir çox millət vəkili və partiya sədrləri yaxın ailə üzvlərini itiriblər.

Bizim.Media son dönəmlərdə yaxınlarını torpağa tapşıran siyasiləri araşdırıb. 

Əziz Ələkbərli

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ötən il ailə üzvünü itirmiş siyasətçilərdəndir. Onun qardaşı Zakir Ələkbərov martın 16-da vəfat edib.

Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin anası Pünhan Hacıyeva ötən ilin martın 30-da dünyasını dəyişib. Mərhumənin 83 yaşı var idi. Partiya sədri anasının vəfatı ilə bağlı bunları deyib:

“Anamın 83 yaşı vardı. Heç bir xəstəlikdən əziyyət çəkmirdi. Belə demək mümkündürsə, qocalıqdan dünyasını dəyişdi. Durduğu yerdə keçinib. Ölümü ani olub”.

Jalə Əliyeva

Dekabrın 5-də millət vəkili Jalə Əliyeva həyat yoldaşı Yavuz Onkun dünyasını dəyişdiyini açıqlayıb:

“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik...

Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq. Həyat çox qısa, taleh çox amansız. İllər boyu uzaq məsafələrdə yaşadıq. Həsrət heç bitmədi ki. Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi. Sanki vida səfərinə çıxmışdı. Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”.

Qeyd edək ki, Jalə Əliyeva Yavuz Onkla 1989-cu ildə ailə qurmuşdu. Bu nikahdan onların Müjgan adlı bri qızları dünyaya gəlib. Milliyətcə türk olan mərhum Yavuz Onk uzun müddət idi deputatdan uzaqda yaşayırdı.

Jalə Əhmədova

59 saylı Salyan Seçki Dairəsindən deputat seçilən Jalə Əhmədovanın həyat yoldaşı Babək Əhmədov oktyabrın 4-də dünyasını dəyişib. Həyat yoldaşının ölümü ilə bağlı açıqlama verən deputat bunları deyib: 

“Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş. Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”.

B. Əhmədov dövlət qurumlarından birində çalışıb. Onların iki övladı var idi.

Ceyhun Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilən Ceyhun Məmmədov da 2022-ci ildə ailə üzvünü itirən deputatlardandır. Belə ki, deputatın atası Valeh Məmmədov avqustun 30-da vəfat edib.

Qulamhüseyn Əlibəyli

Bu il yanvarın 27-də Sabiq deputat, Aydınlar partiyasının sədri Qulamhüseyn Əlibəylinin atası Surxay Əlibəyli vəfat edib. O, uzun sürən xəstəlikdən sonra Masallı rayonunda dünyasını dəyişib.

Pənah Hüseyn 

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseynin həyat yoldaşı Amama xanım martın 11-də vəfat edib. P.Hüseynin həyat yoldaşının dəfnindəki çıxışı isə izləyənləri duyğunlandırıb:

“Kişiləri kişi edən həm də onların qadınları, həyat yoldaşlarıdır. Onların qədrini biləsiz. Peyğəmbərimiz də bizə belə buyurub. Mən həyatda nəyə nail olmuşamsa, həm də Amamanın hesabına bacarmışam”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO