“Prezident Administrasiyasında bu tipli görüşlər çox olub. Son iki il yarım ərzində partiyamızın sədri (İlqar Məmmədov) Ədalət Vəliyevlə 12 dəfə görüşüb. Daha əvvəl isə parlamentdəki təmsilçimiz Erkin Qədirli müvafiq görüşlərə iştirak edib. Mərkəzi Komitənin üzvləri ilə birgə baş tutan dünənki görüş də əvvəlcədən planlaşdırılmışdı”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Respublikaçı Alternativ Partiyanın (REAL) icra katibi Natiq Cəfərli bildirib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşündən danışan Natiq Cəfərli müzakirələrdə bir sıra problemlərdən söz açıldığını qeyd edib:
“Bizim parlamentə təqdim etdiyimiz qanunvericilik təşəbbüsləri var ki, onların müzakirəyə çıxarılması ilə bağlı mexanizm çox gec işləyir. Qarşı tərəf isə müəyyən komissiyalardan rəylərin alınması prosesini diqqətə çatdıraraq, onsuz da sözügedən məsələnin uzun müddət tələb etdiyini bildirdi. Eyni zamanda “Siyasi partiyalar haqqında” qanunla bağlı müəyyən iradlarımızı da səsləndirdik.
Hörmətli Ədalət müəllim isə qanunvericiliyin canlı və təbii proses olduğunu söylədi. Zaman-zaman qanunlara praktikada üzə çıxan problemlərlə bağlı əlavə və dəyişikliklərin olduğunu qeyd etdi. Bu qanunun işlədiyi dövrdə qarşıya problemlər çıxacaqsa, müvafiq dəişikliklərin mümkünlüyündən də danışıldı.
Ümumilikdə, iki saata yaxın davam edən görüş pozitiv keçdi. Qarşı tərəfin dinləmək istəyini gördük. Belə təmaslar zamanı bir çox məsələləri müzakirə etmək imkanı olur. Sonda isə yaxın gələcəkdə də belə görüşlərin olması razılaşdırıldı”.
Natiq Cəfərli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı problemli məqamları da dilə gətirib.
Partiya funksioneri qeydiyyat üçün qarşıya qoyulan üzv tələbi ilə bağlı məsələyə də münasibət bildirib:
“Dünənki görüşdə də qanunun fəlsəfəsi ilə bağlı iradlarımızı bildirdik. Söhbət saydan getmir, bu cür qanunlar daha çox proporsional seçki sisteminə aiddir. Çünki koalisiyaların yaradılması və fəaliyyəti üçün belə tənzimləmələr vacibdir. Dünən də bu qanunun qəbulundan sonra proporsional seçki sisteminə keçidi gözlədiyimizi bildirdik. Bundan sonra qanunun məntiqi yerinə oturacaq.
Partiyanın üzv sayına gəlincə isə, bununla bağlı hər hansı problemimiz yoxdur. İyun ayına qədər, qanunun tələblərinə uyğun olaraq, üzv sayını toplayacağıq. Onsuz da biz qeydiyyatdan keçəndə 1200-dən çox üzv siyahısı vermişik. Həmin vaxtdan indiyə kimi REAL-ın üzv sayı 2,5-3 dəfə artıb. İndi də 5 minə çatdırmaq üçün 1500 üzvə ehtiyacımız var və bunu iyun ayınadək yekunlaşdıracağıq.
Sadəcə olaraq, etirazımız bundan ibarətdir ki, proporsional seçki sistemi üçün hazırlanmış layihə, indiki vəziyyətdə anlamsızdır. Digər tərəfdən, ümid edirik və bu qanunun qəbulu da onu göstərir ki, gələcəkdə biz proporsional seçki sisteminə keçəcəyik. Bu da Azərbaycanda yeni, sivil oyun qaydalarının yaranmasına, iqtidar-müxalifət münasibətlərinin parlament çərçivəsində müzakirəsinə səbəb olacaq”.
Murad Əhmədov, Bizim.Media