X Qlobal Bakı Forumunda bu məsələlər MÜZAKİRƏ OLUNDU - FOTO 

X Qlobal Bakı Forumunda bu məsələlər MÜZAKİRƏ OLUNDU - FOTO 

Hazırda oxunan: X Qlobal Bakı Forumunda bu məsələlər MÜZAKİRƏ OLUNDU - FOTO 

124655

Martın 9-da X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; qida təhlükəsizliyi; nüvə təhlükəsizliyi” mövzusunda ikinci panel iclası təşkil olunub.

Bizim.Media xəbər verir ki, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti Benedetto Zaççirolinin moderatorluğu ilə keçirilən iclasda Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Jose Ramos Horta çıxış edərək hazırda su çatışmazlığı, iqlim dəyişikliyi məsələlərinə diqqətin artırılmalı olduğunu bildirib.

O deyib ki, COVID-19 pandemiyası Pakistan, Şri-Lanka, həmçinin bir sıra Afrika ölkələrinə çox pis təsir göstərib.

Timor-Leste Prezidenti qeyd edib ki, pandemiyadan sonrakı dövrdə qiymətlər qalxıb və bu hal dünya iqtisadiyyatına mənfi təsir edib.

Daha sonra başlayan Rusiya-Ukrayna müharibəsi isə kasıb ölkələrin iqtisadiyyatı üçün daha pis nəticələrə səbəb olub. Jose Ramos Horta dünya ölkələrini böhran vəziyyətinin aradan qaldırılmasına dəstək verməyə çağırıb.
Sonra çıxış edən BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi qida təhlükəsizliyi mövzusunda reallığa və həllərə baxılmalı olduğunu vurğulayıb. Deyib ki, bunun üçün daha yaxşı mühit lazımdır.

“Qida təhlükəsizliyi çox vacibdir. Bunun üçün əlimizdən gələni etməliyik. Həmçinin bununla əlaqədar kənd təsərrüfatı da çox önəmlidir. Biz aclıqla mübarizə aparmalıyıq. Daha çox gənc kənd təsərrüfatı sahəsində çalışmalıdır, onlara bu istiqamətdə yol açmalıyıq”.

"Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri (2013-2017), Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi (2015-2017) Hakima El Haite çıxışında ekologiyanın çirklənməsinin qlobal məsələ olduğunu vurğulayıb.

Deyib ki, bu problemi təkcə bir ölkə həll edə bilmə. “İqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün vəsait ayrılmışdı və bununla bağlı bir çox görüşlər planlaşdırılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən bu görüşlər və planlar ləğv edildi.

Əgər iqlim dəyişikliyinin qarşısı alınmazsa, dünyada temperatur artacaq, su çatışmazlığı, torpağın korlanması, suyun şorlaşması kimi halların müşahidə edilməsi tezliyi artacaq”, - deyə o xəbərdarlıq edib.

Hakima El Haite qeyd edib ki, hazırda iqlim dəyişikliyi səbəbindən 500 milyon insan aclıqdan əziyyət çəkir. Afrikada susuzluq bir çox problemlər yaradıb. Bakı Forumu qlobal çağırışların gündəmə gətirilməsi üçün ideal platformadır.

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli 2006-ci ildə Qazaxıstanın atomsuz bir dünya qərarı aldığını bildirib. Qeyd edib ki, Qazaxıstanın bu qərarı dünyada əks-səda doğurub. Qazaxıstan həmişə sülhün tərəfdarı olub.
Qazaxıstanın hər il 7 milyon ton buğda ixrac etdiyini diqqətə çatdıran D.Kıdırəli deyib: “Qazaxıstan buğda ixracına ehtiyacı olan ölkələrə yardım edir. Bununla yanaşı, ekosistem məsələsi də gündəm mövzusudur.

Türkiyədə baş verən zəlzələ gözlənilməz idi. Biz bu cür təbii fəlakətlər qarşısında hazır olmalıyıq. Eyni zamanda, Xəzər dənizinin suyunun azalması ilə bağlı fikirlər var. Bu problemləri aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev paneldə müzakirə edilən məsələlərin dünya üçün qlobal əhəmiyyət daşıdığını bildirib. Qeyd edilib ki, iqlim dəyişikliyi digər aspektlərə də təsir edir. Bu vəziyyətlə bağlı daha çox problemlə üzləşirik.

“Ərzaq çatışmazlığı, susuzluq kimi hallar qaçılmazdır. İqlim dəyişikliyinin yaratdığı riskləri müzakirə etmək vacibdir. Hazırda biz Azərbaycanda digər dövlətlərdən gələn çaylardan asılıyıq və onların suyundan gündəlik həyatımızda istifadə edirik. Bu, gələcəkdə müəyyən problemlər yarada bilər. Problemlə əlaqəli bizə meqaplan lazımdır”, - deyə nazir diqqətə çatdırıb.

M.Babayev qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində reallaşdırılan yaşıl inkişaf əsas planlardan biridir. Həmin ərazilərdə “ağıllı şəhər”lərin salınması ilə yanaşı, orada yaşıllaşdırma işləri də aparılır. İqlim dəyişikliyi riskləri bütün dünya üçün təhdiddir.
Rumıniya Baş nazirinin dövlət müşaviri Laslo Borbeli siyasi karyerasında 2017-ci ildən çox çətin vəziyyətlə üzləşdiyini qeyd edərək deyib: “Həyatımızın hər bir parçası bir-biri ilə əlaqəlidir. 2015-ci ildə ekologiya ilə bağlı 5 böyük saziş imzalanıb və həmin sazişlər əsasında bir çox planlar həyata keçirilib. Rumıniyada bu sahədə müəyyən irəliləyişlər müşahidə edilir”.

Monteneqronun sabiq Baş naziri (2010-2012) İqor Luksiç isə bildirib ki, iqlimdən gələn risklər üçün tədbirlər görmək lazımdır. Sabiq Baş nazir diqqətə çatdırıb:

“Nüvə təhlükəsizliyi məsələsinin önəmi də artıb. Bu məsələləri nəzərə almaq vacibdir. Necə dayanıqlı olaq? Hansı tədbirləri görməliyik? kimi suallara cavab tapmaq lazımdır”.

Panel iclası müzakirələrlə davam edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO