2017-ci ildən etibarən Azərbaycanla Avropa İttifaqı arasında Strateji Əməkdaşlıq Sazişinin imzalanması istiqamətində aktiv işlər gedir. Artıq bu istiqamətdə ciddi irəliləyişə də nail olunub.
Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviyalı həmkarı Egils Levits ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda sazişlə bağlı irəliləyişlərin olduğunu qeyd edib:
“Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addımı atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq”.
Bəs, sözügedən müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatı üçün hansı imkanları yaradacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Sazişinin imzalanması təbii olaraq, ölkəmizin iqtisadiyyatına ciddi töhfələr verə bilər.
“Amma bu strateji əməkdaşlıq sazişinin bütün detalları bizə məlum olmadığı üçün dəqiq fikir söyləmək çox çətindir. Çünki sazişdə elə məsələlər öz əksini tapmalıdır ki, Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmasın və yaxud da müəyyən məsələlərin təxirə salınması ilə bağlı təhdidlər olmasın.
Elə bu gün Avropa İttifaqı ölkələrilə cari və strateji istiqamətlər üzrə əməkdaşlıq Azərbaycan iqtisadiyyatına öz töhfəsini verir. İttifaqın özü ilə birbaşa saziş üzərindən əməkdaşlıq təbii qaydada ölkə iqtisadiyyatına daha ciddi fayda verə bilər. Düşünürəm ki, sazişin imzalanmasından sonra bu nəticələri daha aydınn görəcəyik.
Ekspertin sözlərinə görə, sazişin imzalanması Azərbaycanda istər innovativ və rəqabətədavamlı iqtisadiyyatın qurulması, istərsə də şəffaflığın təmin olunmasında özünü göstərəcək:
“Ölkə iqtisadiyyatının inkişafı üçün bunların hər ikisi önəmli faktorlardır. Ələxsus da, rəqabətli və şəffaf iqtisadiyyatın qurulması məsələsində sözügedən saziş daha ciddi töhfələr verəcək. Eyni zamanda Əməkdaşlıq Sazişi Azərbaycanın idxal və ixrac imkanlarının genişlənməsi, turizm potensialının artması da daxil olmaqla iqtisadiyyatın bütün istiqamətləri üzrə müsbət təsirləri olacaq.
Amma Avropa İttifaqı ilə hələ də razılaşdırılmamış məsələlər var. Yalnız həmin məsələlərlə bağlı konsensus yaranandan sonra saziş imzalana bilər”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
08:30 / 10.03.2023
Avropa İttifaqı ilə sazişin imzalanması Azərbaycana nə qazandıracaq?
Hazırda oxunan: Avropa İttifaqı ilə sazişin imzalanması Azərbaycana nə qazandıracaq?
Hazırda oxunan: Avropa İttifaqı ilə sazişin imzalanması Azərbaycana nə qazandıracaq?
124636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.