Laçın yolunda Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsi gün keçdikcə daha da aktuallaşır. Xüsusilə də, separatçıların son təxribatları yolun nəzarətə götürülməsinin əhəmiyyətini daha da artırıb.
Maraqlıdır ki, bu məsələdə beynəlxalq güclərin sərgilədiyi mövqe də birmənalı deyil. Belə ki, Avropa İttifaqının region üzrə xüsusi nümayəndəsi Toivo Klaarın son açıqlamaları Birliyin Azərbaycanın Laçın yoluna nəzarəti məsələsinə qarşı olmadığını nümayiş etidirib.
“İlk növbədə, hesab edirəm ki, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyası tamamilə legitimdir. Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik”, - Aİ rəsmisi bildirib.
Bəs, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmasına hansı güclər mane olmağa çalışır?
Bizim.Media-ya açıqlama verən politoloq Amid Əliyev qeyd edib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraşdırılması təklifi rəsmi olaraq Azərbaycan tərəfindən təklif olunub:
“Bu ilk növbədə humanitar məqsədlə istifadəsi təklif olunmuş yolun təhlükəsizliyi baxımından olduqca vacibdir. Eyni zamanda bu Azərbaycanın müstəsna hüququdur. Çünki, sözügedən ərazi Azərbaycanın suveren, hüquqi ərazisidir. Bu həm də bu yol vasitəsilə qanunsuz yüklərin əraziyə keçməsi və sonradan Azərbaycana qarşı baş verə biləcək təxribatlardan sığortalanmaq üçündür”.
Politoloqun sözlərinə görə, Azərbaycanın bu təklifi Qərbin yəni, ABŞ və Aİ-nin təklif etdiyi sülh sazişi ilə birbaşa bağlıdır:
“Belə ki, həmin narrativdə Qərb dəhlizin aid olduğu ölkə üzrə suverenliyi tanıyır və təsdiq edir. Məhz buna görə Klaar bu təklifi dəstəkləyir və nəzarət-buraxılış məntəqəsinin qurulmasının Azərbaycanın legitim hüququ olduğunu bəyan edir.
Lakin Moskva tərəfindən təklif olunan narrativdə isə dəhlizlərə münasibət tamamilə fərqlidir və nəzarətin Rusiya tərəfindən təmin olunmasını israrla istəyir. Lavrovun son səfərində də buna eyham vuruldu.
Bu səbəbdən də bu gün Qərb Azərbaycanın bu istiqamətdəki səylərini dəstəkləyir. Rusiya isə prosesə mane olmağa çalışır və ən pis halda isə Azərbaycanın yola Rusiya ilə birgə nəzarət etməsi variantını gözdən keçirir”.
Amid Əliyev əlavə edib ki, son günlər Qarabağda baş verən hadisələr Laçın yoluna nəzarəti daha da aktuallaşdırır və Azərbaycanın belə halların davam etməməsi üçün nəzarət-buraxılış məntəqəsi qurması vacibdir.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 09.03.2023
Rusiya Laçın yoluna təkbaşına nəzarəti niyə əldən vermək istəmir? - ŞƏRH
Hazırda oxunan: Rusiya Laçın yoluna təkbaşına nəzarəti niyə əldən vermək istəmir? - ŞƏRH
Hazırda oxunan: Rusiya Laçın yoluna təkbaşına nəzarəti niyə əldən vermək istəmir? - ŞƏRH
124548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.