Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) üzv ölkələrinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov amerikalı səfirlə görüşdü
Məlumata görə, görüşdə C.Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər üzrə məlumat verib.
Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub.
C.Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad olunmuş ərazilərə terrorçu diversant qrupunun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və bu cinayət tərkibli əməllərin yolverilməzliyini vurğulayıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlara dair ətraflı məlumat verib.
Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestudis Yankauskas təqdim edilən məlumatlara görə təşəkkür edərək, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib.
O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib.
Aİ-nin münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir İttifaqın münaqişə sonrası prosesdə oynaya biləcəyi rolu barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.
Sonra C.Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.
Bizim.Media