Ermənilərlə görüşə Çingiz Qənizadədən MÜNASİBƏT – “Şübhələrim var, kaş ki gerçək olmasın...”

Ermənilərlə görüşə Çingiz Qənizadədən MÜNASİBƏT – “Şübhələrim var, kaş ki gerçək olmasın...”

Hazırda oxunan: Ermənilərlə görüşə Çingiz Qənizadədən MÜNASİBƏT – “Şübhələrim var, kaş ki gerçək olmasın...”

123446

Xəbər verdiyimiz kimi, martın 1-də Azərbaycan tərəfi ilə Qarabağda yaşayan ermənilər arasında təmaslar baş tutub. Xocalıda Rusiya sülhməramlı kontingentinin qərargahında baş tutan görüşdə Azərbaycan tərəfindən təmsilçi kimi millət vəkili Ramin Məmmədov iştirak edib.

Görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bu addımı yüksək qiymətləndirib:

“Təbii ki, bu bir ilkdir. Doğrudur, görüşün nəticələrinin necə olacağını qabaqcadan demək qeyri-mümkündür. Çünki beyinləri daşnak ideologiyası ilə doldurulmuş, həm Qarabağda, həm də Ermənistanda yaşayan əhalinin bizə, yəni türklərə qarşı mövqeyi müəyyən qədər aqressivdir.

Amma reallıq bundan ibarətdir ki, Azərbaycanın Qarabağ bölgəsində erməni icması qalmağa davam edir. Onlar nə qədər separatçılığa meyilli olsalar, status istəsələr belə anlayırlar ki, Azərbaycan ərazisində yaşamlarına davam etməyə məcburdurlar. Buna görə də, təmasların qurulmasına getdilər”.

Hüquq müdafiəçisi görüşün Rusiya sülhməramlıları tərəfindən təşkil edilməsi ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:

“Doğrudur, belə deyilir, amma sülhməramlılar artıq gecikiblər. Çünki artıq 3 ilə yaxın idi ki, onlar bu cür təmasların qurulmasında maraqlı deyildilər. Ümumilikdə isə, hesab edirəm ki, erməniləri təmsil edən şəxslərin kim olduğunu bilmədiyimiz üçün, onların hansısa tapşırıqla və ya səmimi olaraq dialoqa gəldiklərini bilmirik. Bunlar gələcəkdə məlum olacaq.

Eyni zamanda, Azərbaycan nümayəndələrinin erməni icması ilə təmasa keçməsi dünya ictimaiyyətinə də bir mesajdır ki, “bəli, biz Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə danışıqlar aparmaqla, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasında maraqlıyıq”.

Görüşlər zamanı da, təbii ki, erməni tərəfi biləcək ki, Azərbaycan onların hüquq və təhlükəsizliyinin təmin edilməsi, sosial problemlərinin həlli istiqamətində hansı addımları atacaq. Təbii ki, bu uzun müddət tələb edən prosesdir”.

Çingiz Qənizadə proseslə bağlı o qədər də ümidli olmadığını diqqətə çatdırıb: 

“Çünki ermənilərin yüz illərdir türklərə düşmən ideologiya ilə beyinlərinin doldurulmasının onlara səmimi olmağa imkan verəcəyi bir qədər şübhə doğurur. Çox arzu edirəm ki, şübhələrim gerçək olmasın, erməni icması Qarabağda qalmağa razılaşmaqla, Azərbaycan dövlətinə, cəmiyyətinə inteqrasiya etməyə maraqlı olduğunu göstərsin. Və gələcəkdə Qarabağın ermənilərin yaşayan bölgəsindəki mövcud narahatlıqlar aradan qalxsın. Azərbaycan dövləti də bölgədə öz konstitusion hüquqlarını tam təmin edə bilsin”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO