Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb. Dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.
Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Baş nazir bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik edib, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğulayıb.
Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu ilin sonunda başa çatacağını vurğulayan dövlətimizin başçısı deyib ki, ölkəmiz sədrliyi dövründə Hərəkatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.
Prezident İlham Əliyev, həmçinin azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.
Baş nazir Ayman Benabderrahman da öz növbəsində Əlcəzair müstəqillik qazanandan sonra azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğulayıb.
Bizim.Media