“Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan danışıqlarında nə Avropa İttifaqının, nə də Rusiyanın vasitəçiliyi rəsmi Bakının maraqlarına tam uyğun deyil”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı səsləndirib.
Partiya sədri ATƏT-in keçmiş həmsədrlərini xatırladaraq, hər üç ölkənin Azərbaycanın maraqlarına qarşı mövqe sərgilədiyini vurğulayıb:
“İndi də bu cürdür. Rusiya və Ermənistanın münasibətləri korlana bilər. Amma bunun Qarabağ məsələsində Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsiri olmayacaqsa, onda Rusiya və Ermənistanın dost ya düşmən olduqlarının heç bir fərqi yoxdur. Ermənistan Avropa İttifaqının yarı hərbiləşdirilmiş missiyasını regiona dəvət edib, KTMT, Rusiya əlehinə şüarlar səsləndirir.
Yəni, Ermənistan Rusiyanı satıb.
Gözləntilər var idi ki, Lavrov Bakıda Azərbaycanın lehinə açıqlamalar verəcək. Amma Lavrov gəlib, “Laçın dəhlizinin statusunun müəyyən olunduğunu və nəzarət-buraxılış məntəqəsinin qurulmasının müzakirə olunmadığını” bildirdi. Bu o deməkdir ki, Rusiyanın Ermənistanla əlaqələrinin korlanmasının, Azərbaycanla münasibətlərə hər hansı təsiri yoxdur”.
Tural Abbaslı qeyd edib ki, Ermənistanın vasitəçi ölkələrlə münasibətlərinin korlanmasına ümid bağlamaq doğru deyil:
“Futbol termini ilə desək, Ermənistanın pis oynamağını gözləmək yerinə, özümüz yaxşı oynamalıyıq. Düşünürəm ki, Aİ də Rusiya da Ermənistanın maraqlarından çıxış edir. Onların savaşı Azərbaycan yox, Ermənistan üzərindəndir. Onları maraqlandıran Ermənistanın kimin qucağında oturacağıdır”.
Partiya sədri Azərbaycan üçün ideal vasitəçinin Türkiyə ola biləcəyini qeyd edib:
“Hətta, müsəlman hesab olunan İran belə bizim qarşımızdadır. Nə vaxt ki, Türkiyə vasitəçilikdə Rusiya və Avropa İttifaqı qədər aktiv rol alacaq, yalnız o zaman Azərbaycanın maraqları təmin olunacaq. Düşünürəm ki, bu istiqamətdə addımlar atmalıyıq”.
Tural Abbaslı Türkiyənin əsas vasitəçiyə çevrilməsi ehtimallarını da dəyərləndirib:
“Bu, ola bilər. Əgər Ermənistan-Türkiyə münasibətlərinə baxırıqsa, Rusiyanın Azərbaycan etdiklərini də unutmamalıyıq. Cümhuriyyətin yıxılmasında, 20 Yanvarda, Xocalıda Rusiya var idi. Yəni, Ermənistandan Türkiyənin moderatorluğuna razı olması soruşulmayacaq. Eyni zamanda, Türkiyənin rolu artıqdan sonra Ermənistan hakimiyyətinin söz demək haqqı olmayacaq”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:20 / 01.03.2023
“Rusiya və Aİ-ni maraqlandıran Ermənistanın kimin qucağında oturacağıdır” – Tural Abbaslı
Hazırda oxunan: “Rusiya və Aİ-ni maraqlandıran Ermənistanın kimin qucağında oturacağıdır” – Tural Abbaslı
Hazırda oxunan: “Rusiya və Aİ-ni maraqlandıran Ermənistanın kimin qucağında oturacağıdır” – Tural Abbaslı
123217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.