Xəbər verdiyimiz kimi, separatçıların “dövlət naziri” Ruben Vardanyan fevralın 23-də tutduğu postdan istefaya göndərildi. Lakin erməni oliqarx hələ də Qarabağda qalmağa davam edir. O hələ istefasından sonra Qarabağda qalaraq, iqtisadi layihələrin icrasında iştirak edəcəyinin anonsunu vermişdi.
Vardanyanın istefasından sonra cavabını gözləyən suallar çoxdur. Əsas maraq doğuran məqam isə erməni oliqarxın bundan sonra hansı planın icrası üçün səfərbər ediləcəyidir.
Vardanyana “plan icraçısı” deməyimizin səbəbi heç də əbəs yerə deyil. Çünki hər birimizə məlumdur ki, Ruben Qarabağa Rusiyanın əmri ilə, Moskvanın regional planlarının yerinə yetirəcək oyunçu kimi göndərilmişdi. Kremlin Vardanyanı Azərbaycanla danışıqlarda separatçıların nümayəndəsi kimi sırımaq cəhdləri sülhməramlıların davranışlarından aydın şəkildə görünürdü.
Lakin Azərbaycan buna razılaşmadı. Əvəzində Laçın yolunda aksiya başladı ki, bu da Rusiyaya Vardanyan planının nəticəsiz qalacağını göstərdi. Proseslərin məntiqi sonluğu olaraq Ruben vəzifədən göndərildi, lakin Qarabağı hələ də tərk etməyib.
Bu isə Vardanyana Rusiyadan yeni tapşırıqların gəlməsi ehtimalını gündəmə gətirib.
Hələlik Rubenin regionda qalacağı təqdirdə gələcək aqibəti ilə bağlı iki ehtimal daha çox müzakirə olunur:
1. Rusiyanın Vardanyanla bağlı “B” planı. Vardanyanın separatçı rejim daxilində 2-ci şəxs statusuna gəlməsi üçün heç bir ay belə tələb olunmadı.
Yəni, Moskva Rubeni oyuna sürətlə daxil etdi. Lakin “hayla gələn vayla gedər” məsələsi reallaşdı və Vardanyanın vəzifədən qovulması da gəlişi qədər sürətli oldu. Ona görə də, Rusiyanın Vardanyan üzərindən yeni planın icrası mümkündür. Yəni, Ruben Qarabağda qalır, iqtisadi layihələrin icrası ilə məşğul olmağa davam edir, Moskva lazım gördüyü anda onu yenidən siyasi səhnəyə qaytarır.
2. Vardanyanın Ermənistana transferi. Bu ehtimal hələ Vardanyan Qarabağa gələn gündən müzakirə olunurdu.
Oliqarxın vəzifədən qovulmasından sonra yenidən bu mövzuda fikirlər səsləndirilir. Əsas ehtimal isə bundan ibarətdir ki, Rusiya Vardanyanın Qarabağda qalmasının rəsmi Bakı ilə münasibətlərdə problemlərə səbəb olacağını anlayıb. Buna görə də, Kreml Rubenin vəzifədən göndərilməsinə xeyir-dua verib.
Digər tərəfdən, Ermənistanın hazırki iqtidarı ilə Rusiya arasında münasibətlərdə siyasi problemlər gün keçdikcə daha qabarıq formada özünü göstərir. Ermənistanda Rusiyaya bağlı “Qarabağ klanı” isə Paşinyan qarşısında dişsizdir. Ona görə də Moskva Nikolun qarşısına Vardanyanı çıxarmaq planını işə sala bilər.
Bu ehtimalı gücləndirən bir digər mühüm nüans isə, Ermənistanın iqtidaryönümlü mətbuatının son günlərdə Vardanyan əleyhinə ciddi kampaniyaya start verməsidir. Bu vəziyyət siyasi şərhçilər tərəfindən, Paşinyanın Vardanyan planına qarşı preventiv tədbiri kimi də dəyərləndirilir.
O da gerçəklikdir ki, Rusiyanın Vardanyan planının uğursuzluğunu qəbul etməsi, sonrakı mərhələdə oxşar variantları reallaşdırmaq ehtimalını da minimuma endirəcək. Həm də Rusiyanın özünün də Ukrayna ilə savaşa başladıqdan sonra Cənubi Qafqazda mövqeləri getdikcə zəifləyir və “yeni Vardanyan” tapıb, bölgəyə göndərmək elə də asan olmayacaq.
Təbii ki, Vardanyanın sonrakı aqibəti birbaşa Rusiyanın seçəcəyi mövqeydən asılıdır. Bu seçimin necə olacağını isə zaman göstərəcək...
Murad Əhmədov, Bizim.Media