Rusiya-Ukrayna müharibəsinin BİR İLİ - Nüvə silahı işlənə bilərmi?

Rusiya-Ukrayna müharibəsinin BİR İLİ - Nüvə silahı işlənə bilərmi?

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsinin BİR İLİ - Nüvə silahı işlənə bilərmi?

122393

Rusiya-Ukrayna müharibəsinin başlanmasından artıq bir il vaxt keçir. Keçən ilin 24 fevralından başlayaraq Rusiya ordusu Ukraynaya qarşı hərbi əməliyyatlara start verdi. Ötən bir il ərzində Rusiya istəyinə demək olar ki, nail ola bilməyib. Rus ordusu Ukraynanın müəyyən ərazisinə nəzarət etsə də ukraynalıları sındıra bilmədi. Əksinə, Qərbin güclü dəstəyilə Ukrayna şərqdən gələn təhlükəyə ciddi müqavimət göstərir. 

Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, müharibə dünyada sabitlik, əmin-amanlıq, sülhə və beynəlxalq hüquqa ciddi zərbə vurub: 

“Ukrayna müharibədən böyük ziyan görür. Bu ölkənin on minlərlə insanı həlak olub. Şəhərləri, iqtisadiyyatı, sənaye müəssisələri dağıdılıb. 8 milyon ukraynalı Avropaya qaçmağa məcbur olub. 5 milyon insan isə şərqdən Ukraynanın qərbinə keçib. Ölkənin ümumi daxili məhsulu 40 faizə enib. Amma buna baxmayaraq, Ukrayna cəmiyyəti toparlanmağı bacararaq, düşmənə güclü müqavimət göstərir”. 

Həmsöhbətimizə görə, müharibəni başlamaqla Rusiya olduqca ağır duruma düşüb: 

“Rusiya son 30 ildə Avropanın qaz-neft təminatında öncül ölkə olub. Bunun üçün ölkə çoxsaylı sərmayə yatırıb. Amma bir il ərzində bütün bunlar sıfıra bərabər oldu. Rusiyanın 50 milyard dollarlıq valyuta ehtiyatları donduruldu. Rus oliqarxlarının mülkləri müsadirə olundu, kapitalları donduruldu. Müharibədə 100 mindən çox rus hərbçisi həlak olub. Hərbi əməliyyatlar rus ordusunun yenilməzliyi barədə mifi alt-üst etdi. Qərbin Ukraynaya yardımı davam etsə, onların qələbəsi şübhəsizdir. Sübut olundu ki, Rusiyanın istehsal etdiyi silahlar yarıtmazdır. Rusiya bu fonda ildə 15-20 milyard dolları da silah bazarında itirib. Putin dünyanın lənətlədiyi, hörmət etmədiyi insana çevrildi. 500-700 min savadlı rus insanı ölkəni tərk etməli olub”. 

Ekspert bu qənaətdədir ki, müharibənin gedişində nüvə silahından da istifadə edilə bilər:

“Belə bir təhlükə istisna edilmir. Qarşıdırmanın həcmi genişləndikcə, nüvə müharibəsi təhlükəsi də artır”.

Müharibənin hansı zamana qədər uzanacağı isə politoloqa görə, Qərbdən asılıdır:

“Qərb məkirli siyasət yürüdür. Ukraynaya yardımı “çay qaşığı” ilə verir. Nəticədə Ukrayna xalqı çoxlu itki verir. Amma eyni zamanda, Rusiya da zəifləyir. Qərb düşünülmüş şəkildə belə siyasət aparır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO