“ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan liderləri ilə təkbətək görüşünün keçirilməsi, ikitərəfli razılaşmanın baş tutmadığını, Ağ Evin vasitəçilik missiyasını öz üzərinə götürdüyünü nümayiş etdirir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.
MÖVZU İLƏ BAĞLI:
Erməni siyasətçi Paşinyanın Münhendəki boşboğazlığı HAQDA: “Tutarlı arqument gətirə bilmədi”
ABŞ tərəfindən verilən açıqlamalardan belə görünür ki, sülh müqaviləsinin mətnində irəliləyiş var və nəhayət, Laçın dəhlizi ilə yanaşı, amerikalılar ümumilikdə kommunikasiyaların bloklandığını qeyd etməyə başlayıblar”, - deyə politoloq əlavə edib.
Fərhad Məmmədov Brüssel üçtərəfli formatının bərpa olunacağına əmin olduğunu bildirib:
“Azərbaycan Prezidenti üçtərəfli danışıqların əhəmiyyətini vurğuladı. Amerikalılar üçün Brüssel formatı vacibdir, çünki o, ABŞ-ın təşəbbüslərini tamamlayır. Fransaya gəlincə isə, onların sakitləşəcəyini gözləmək olmaz. Onlar onsuz da ermənipərəst mövqe tutmağa davam edəcəklər. Lakin vacib olan Fransanın antiazərbaycan mövqeyinin olmamasıdır. Prinsipcə, Makron Münhendə çıxışı zamanı ermənipərəst cizgidə çıxış etdi, ancaq antiazərbaycançılıq nümunəsinə rast gəlmədik. Yəni, Makron Qarabağla bağlı hər hansı fikir bildirmədi”.
Politoloq sülh müqaviləsinin imzalanması istiqamətində prosesin getdiyini vurğulayıb:
“Əminəm ki, Bakı mətnin növbəti redaktə edilmiş variantını çox yaxın vaxtlarda təhvil verəcək və xarici işlər nazirləri səviyyəsində üzbəüz görüş tələb edəcək. Burada iki məqsəd var. Birincisi, sülh müqaviləsinin yaya qədər imzalanması. İkincisi isə, vasitəçilərə Ermənistanın qeyri-konstruktiv mövqe sərgilədiyini nümayiş etdirməklə, Azərbaycanın birtərəfli hərəkətlərini legitimləşdirmək”.
Fərhad Məmmədov İlham Əliyevin Laçın yolunda və Zəngəzur dəhlizində nəzarət məntəqələrinin qurulması ilə bağlı fikirlərini də şərh edib:
“Azərbaycan Prezidenti bu mövzuya konstruktiv yanaşdı: İstər Zəngəzur dəhlizində, istərsə də Laçın yolunun girişində nəzarət-buraxılış məntəqələri olacaq. Başqa sözlə, bu, Rusiyanın üçtərəfli bəyanatların icrasını təmin edə bilməyəcəyinin etirafıdır. Ermənistan keçid məntəqəsi tələb edirsə, olsun, Laçında da keçid məntəqəsi olacaq. İndi Ermənistan rəhbərliyinin nə edəcəyi maraqlıdır. Tutaq ki, Azərbaycan-Naxçıvan kommunikasiya xəttinin öz ərazilərindən keçən hissəsində keçid məntəqəsinin yaradılmasına nail ola bildilər, bəs yola nəzarət funksiyası necə, bunu Rus sərhədçiləri edəcək?
Düşünürəm ki, Ermənistanın baş naziri Rusiyaya öz ərazisində heç olmasa hansısa əlavə, hətta kiçik funksiyanı belə təmin etmək istəmir. Bu, Paşinyan üçün Qərbə inteqrasiya arzusunun önündə dayanan maneədir. Lakin ən azı, Azərbaycan bu təkliflə özünü qondarma “blokada” məsuliyyətindən azad edir, eyni zamanda Ermənistanı Rusiya ilə münasibətlərdə seçim qarşısında qoyur”.
Politoloq Vardanyan məsələsinin Azərbaycan üçün vacib olduğunu da qeyd edib:
“Vardanyan layihəsi” o qədər həyasız idi ki, ona belə reaksiya verilməsi bu layihənin məğlubiyyətinin Bakı üçün nə qədər simvolik olduğunu nümayiş etdirir. Bu isə İrəvandan çox Moskvaya cavabdır. Güman edirəm ki, Vardanyanın işdən çıxarılması ehtimalı yüksək olsa belə, o, Qarabağda yaratdığı fondun başında sülhməramlıların himayəsi altında qala bilər. Rusiya hələ də bunu təmin etmək imkanlarına malikdir.
Ümumilikdə isə, son 6 ayda Rusiyanın yöndəmsizliyi və qeyri-adekvat addımları resurs məhdudiyyətinin nəticəsidir. Rusiya situasiyaya adekvat davranmaq, Azərbaycan və Ermənistanla dəhlizlərdə eksklüzivliyini gizlətmək, Qarabağda konstruktiv mövqe tutmaq əvəzinə, təxribat yolunu tutdu.
"Rus icması" yaradıldıqdan sonra Rusiya daha da irəli gedərək, Vardanyan layihəsini ortaya atdı. Nəticədə, ekoaksiya və yolun “funksiya”sına qoyulan məhdudiyyətlər, Moskvanın Azərbaycan və Ermənistanın ictimai rəyində ciddi imic itkisi, Aİ-nin Ermənistandakı missiyası və Ermənistan-Rusiya münasibətlərindəki problemlər meydana çıxdı”.
Fərhad Məmmədov əlavə edib ki, Lavrovun Bakıya səfəri çox şeyi dəyişə bilər:
“Rusiyanın hələ də proseslərə müdaxilə etmək üçün məhdud resursları var. Azərbaycan isə öz resurslarını rasional xərcləyir. Elə məqamlar var ki, gözləyirik və haradasa təhlükə yarandıqda güc tətbiq etmək hüququmuzu özündə saxlayaraq, operativ hərəkət edirik”.
Murad Əhmədov, Bizim.Media