Misir prezidenti Bakı ilə İrəvan arasında nəyi razılaşdırıb? – Səfərin ŞƏRHİ

Misir prezidenti Bakı ilə İrəvan arasında nəyi razılaşdırıb? – Səfərin ŞƏRHİ

Hazırda oxunan: Misir prezidenti Bakı ilə İrəvan arasında nəyi razılaşdırıb? – Səfərin ŞƏRHİ

117406

Xəbər verdiyimiz kimi, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-28-də Bakıda səfərdə olub. Bakıdan sonra isə Sisi birbaşa Ermənistana səfər edib. 

Misir Prezidentinin Cənubi Qafqazın münasibətlərin normal olmadığı bu iki ölkəsinə eyni vaxtda səfər etməsi istər-istəməz müəyyən suallar doğurub. 

Görəsən, Sisinin bu ikili səfəri nəyə hesablanıb?

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, Azərbaycan-Ermənistan məsələsində Misir vasitəçi olmasa da, ən azından müəyyən tənzimləyici faktor rolunu oynaya bilər: 
 

MÖVZU İLƏ BAĞLI:

Misir Prezidenti Bakıdan İrəvana GETDİ 


“Misir Mübarək dövründə regionda daha fəal rol oynayırdı. Əs-Sisi də dolayısı ilə Mübarəkin siyasətini aparır. O anlayır ki, ölkəsinin regionumuza təsirini genişləndirmək üçün müxtəlif vasitələrdən istifadə edilməlidir. Onu bildirim ki, Misirdə erməni diasporası var. Onlar burada da müəyyən aktivlik göstərir. Bu mənada Bakı ilə İrəvana səfərlər Misir üçün regionda öz nüfuzunu artırmaq üçün bir vasitə ola bilər. Söhbət heç də ondan getmir ki, Misir ermənipərəst siyasət yeridəcək. 

Sadəcə olaraq, Qahirə bölgəmizdə yeni imkanlar əldə etmək üçün bütün vasitələrdən istifadə etmək istəyir. Azərbaycan-Ermənistan məsələsində Misir vasitəçi olmasa da, heç olmasa müəyyən tənzimləyici faktor rolunu oynaya bilər. Sisi bunu da gizlətmir. Amma birbaşa olaraq bunu etmək ona çətin olacaq, çünki kifayət qədər resursları yoxdur”.      

Ekspertin fikrincə, Sisinin Azərbaycana səfəri onun Bakı ilə siyasi dialoqu bərpa edərək, yüksək səviyyədə saxlamaq istəyindən xəbər verir: 

“Misir-Azərbaycan münasibətləri çoxillik münasibətlərdir. Son iki onillikdə bu əlaqələr stabil olaraq inkişaf edirdi. Lakin son dövrdə ərəb baharı ilə bağlı olaraq dialoqda demək olar müəyyən fasilə yaranmışdı. Sisinin ölkəmizə səfəri göstərdi ki, həmin fasiləyə artıq son verilir. Səfər onu göstərir ki, Sisi Bakı ilə siyasi dialoqu bərpa edərək, yüksək səviyyədə saxlamaq istəyindədir. Bu Bakının da marağına uyğundur. Çünki ölkəmizin maraqlar coğrafiyası genişlənir. Misir Şərqi Aralıq dənizinin aparıcı oyunçularındandır. Bu ölkə İslam Əməkdaşlıq Təşkilatında da mühüm yer tutur. Azərbaycan da öz növbəsində ərəb ölkələrilə də sıx əlaqələr qurur ki, burada da Misirin yeri çox yüksəkdir”. 

Həmsöhbətimiz Misirlə Azərbaycan arasında ticarət əlaqələrin çox aşağı səviyyədə olduğunu da təəssüflə qeyd etdi: 

“Cəmi 8 milyon dollarlıq ticari əlaqələrimiz var. Halbuki əməkdaşlıq potensialımız kifayət qədər böyükdür. Misir son illər ciddi iqtisadi problemlərlə üzləşib. Sisi Bakıda olarkən bunu açıq şəkildə bildirib. Bu mənada Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Misirə çətin durumdan çıxmağa imkan verəcək. Çünki Azərbaycandan olan investorlar Misir üçün maraqlıdır. Belə olan halda düşünürəm ki, yaxın illərdə iqtisadi əməkdaşlığımız artacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO