“Səfirliyimizə hücum öncədən düşünülmüş, təşkil olunmuş və himayə edilən bir terror aktıdır” - DEPUTAT

“Səfirliyimizə hücum öncədən düşünülmüş, təşkil olunmuş və himayə edilən bir terror aktıdır” - DEPUTAT

Hazırda oxunan: “Səfirliyimizə hücum öncədən düşünülmüş, təşkil olunmuş və himayə edilən bir terror aktıdır” - DEPUTAT

117141

Yanvarın 27-də Tehranda səfirliyimizə edilən xain hücum beynəlxalq aləmin diqqət mərkəzindədir. Beynəlxalq konvensiya və qanunlara tüpürərək belə bir cinayəti törətməklə İran bir daha öz mahiyyətini ortaya qoydu. Bu azmış kimi cinayətkarı müstənqiqlərdən qabaq jurnalistlər tərəfindən “sorğu-sual edilməsi” də İranın yeni yanaşmasıdır. Rəsmi Tehran heç bir istintaq aparmadan hadisənin mahiyyətini dəyişmək və az qala cinayətkara haqq qazandırmaq yolunu tutub.

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o İran qanunlarla, Beynəlxalq konvensiyalarla, Beynəlxalq hüquqla idarə olunmayan bir ölkə olduğunu bildirdi:

“İran əslində terrorçu dövlətdir. Baxın bu gün İranın səsi İraqdan, Suriyadan, Yəməndən gəlir. Yəni harada terror, insan qırğını varsa İran ordadır. Təsadüfi deyil ki, İran həm də terrorçu dövlətlərlə mütəfiqlik edir. Ermənistan kimi terrorçu dövlətlə ittifaq qurması bunun danılmaz sübutudur”.

Partiya sədri bir məsələyə də diqqət yetirdi:

“Mən kriminalist deyiləm. Amma bir siyasətçi və vətəndaş kimi yayılan videoları diqqətlə izlədim. Və çıxardığım nəticə bu oldu ki, bu əvvəlcədən düşünülmüş, təşkil olunmuş və himayə edilən bir terror aktıdır. Çox təəssüf ki, rəsmi Tehran günahlarını boynuna almaq əvəzinə istintaq altında olan cinayətkara meydan verir ki, efirə çıxıb özünün günahsızlığı və hadisənin fərdi zəmində baş verməsi barədə fikir formalaşdırsın. Bu azmış kimi İranın rəsmi dairələri də cinayətkarla eyni mövqedən çıxış edərək hadisəni ailə-məişət səviyyəsində baş verdiyini sübut etməyə çalışırlar”.

Tanınmış hüquqşünas Çingiz Qənizadə də Azərbaycan səfirliyinə edilmiş cinayət hadisəsini terror aktı kimi dəyərləndirdi:

“Bu Azərbaycanın suverenliyinə qarşı bir qəsdir. Təsadüfi deyil ki, bütün dünya bunu terror aktı kimi pisləyir. Amma görünən budur ki, İran baş verən hadisədən kifayət qədər nəticə çıxartmaq fikrində deyil. İran XİN-nin dünən axşam saatlarında yayımlanan bəyanatına qədər İran tərəfindən səslənən bütün fikirlər qeyri-səmimi və qeyri-obyektiv idi. Bütün mənbələr hadisəni beynəlxalq terror səviyyəsindən ailə-məişət zəminində baş vermiş bir hadisəyə qədər endirməyə çalışırlar. Lakin İran XİN bir qədər reallıqları dərk etmiş kimi davrandı”.

Çingiz Qənizadə onu da qeyd etdi ki, istintaq altında olan cinayətkardan İran televiziyalarının bol-bol müsahibələr alması və operativ şəkildə tirajlanması bir daha onu göstərdi ki, rəsmi Tehran çox narahatdır:

“Və bu müsahibətlərlə həm daxili auditoriyanı, həm də beynəlxalq aləmi rəsmi Tehrana sərf eliyən varianta inandırmağa çalışırlar. İran Vyana Konvensiyasının tələblərini pozub. Azərbaycanın diplomatik korpusunun yerləşdiyi ərazini kifayət qədər yaxşı mühafizə edə bilməyib. Ən azından buna görə rəsmi Tehran günahlarını etiraf etməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO