“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:
“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin nə zaman yenidən bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.
Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bizim.Media