Xəbər verdiyimiz kimi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Silahlı hücum nəticəsində səfirlikdəki bir soydaşımız həlak olub, digəri 2 nəfər isə isə yaralanıb. Təbii ki, bu xain bir təxribatdır. Və bu təxribatın arxasında İranın və bəlkə də üçüncü ölkənin xüsusi xidmət orqanları dayanır. Bunu zamanla öyrənəcəyik. Amma bütün hallarda hər kəs hadisəyə öz qəti etirazını bildirir.
Bizim.Media-ya açıqlama verən Millət vəkili Fazil Mustafa bildirdi ki, səfirliyə hücum çox ciddi Beynəlxlaq bir skandaldır:
“Böyük ehtimalla bu təxribatın arxasında İran Xüsusi Xidmət orqanları durur. Və bu İranın Azərbaycana qarşı düşmənçiliyinin pik həddidir. Bu terror hadisəsi çox ciddi şəkildə araşdırılmalıdır. Və araşdırmada hökmən Azərbaycan tərəfindən mütəxəssislər də iştirak etməlidir. Xətt bilinən xətdir. Amma bu işin sonuna qədər gedilməlidir.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO
Çünki, bu hadisə çox pis nəticələrə gətirib çıxaracaqdır. Qoy molla-fars rejimi bu bədnam addıma görə sevinməsinlər ki, bu addımla nəyinsə qisasını aldılar. Amma əminliklə deyə bilərəm ki, bu hadisə İrana yaxşı heç nə vəd etmir”.
Millət vəkili Razi Nurullayev də hadisəni qəti şəkildə pislədi:
“Xain saldırı nəticəsində səfirliyimizin bir nəfər əməkdaşı – Orxan Əsgərov həlak olub. Bu xain saldırının arxasında duran bütün gücləri, sifarişçiləri və icraçıları şiddətlə lənətləyirik. Hələlik, insidentin sifarişçisi və icraçısı bəlli deyil. Amma bütün hallarda bu hadisə üçün məsuliyyət rəsmi Tehranın üzərinə düşür. Çünki, səfirliyimizin təhlükəsizliyinə İran höküməti məsuldur.
Görünür rəsmi Tehran bu məsələyə laqeyd yanaşıb ki, nəticədə bir nəfər əlini-qolunu sallaya-sallaya avtomatla səfirliyə gəlir mühafizəçiyə atəş açır. Bu çox böyük siyasi və diplomatik böhrana səbəb ola biləcək bir hadisədir. Mən burda erməni əlinin olmasını da istisna etmirəm. İndi İran Xüsusi Xidmət orqanları ya suçlunu tapacaq, ya da suçlu qalacaq”.
Tanınmış konfiktoloq Ədalət Vediyev isə bildirdi ki, hesab edirik ki, Azərbaycan XİN bu məsələni dərindən araşdıracaq və ictimaiyyətə ətraflı məlumat verəcək:
“İstənilən halda İran ərzaisində belə bir hadisənin baş verməsi bizi dərindən təəssüfləndirir. Bu rəsmi Tehranın son illər ərzində Azərbaycana qarşı apardığı siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
Molla-fars rejiminin Azərbaycana qarşı püskürtdüyü nifrət sonunda belə bir hadisə ilə nəticələnməliydi. Hesab edirəm ki, Azərbaycan tərəfi hadisə ilə bağlı adekvat tədbirlərini görəcək.
İran tərəfi bizə qarşı xoş münasibətdə deyil. Bununla belə bu təxribatda üçüncü ölkənin də əli ola bilər. Ola bilər ki, bu insidentin təşkilatçısı və yaxud icraçısı erməni və yaxud Azərbaycan xalqına sevgisi olmayan digər millətin nümayəndəsi də ola bilər. Bunu biz yaxın zamanlarda biləcəyik”.
Surxay Atakişiyev, Bizim.Media