XİN: BMT Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir

XİN: BMT Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir

Hazırda oxunan: XİN: BMT Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir

116629

24 yanvar tarixində BMT-nin Əhali Fondunun Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və təşkilatın mandatına aid olmayan məsələlərlə bağlı bəyanatı təəccüb və təəssüf doğurur.

Bizim.Media XİN-ə istinadən xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 il ərzində öz evlərindən didərgin düşmüş, illərlə çadır şəhərciklərində, atılmış qatar vaqonlarında, düşərgələrdə heç bir sağlamlıq şəraiti olmayan mühitdə yaşamış, təhsil, səhiyyə və bütün digər hüquqlardan məhrum olmuş yüz minlərlə azərbaycanlı ailənin acınaqcaqlı vəziyyətinə münasibət bildirməyən BMT-nin Əhali Fondunun azərbaycanlıların legitim etirazlarına dair bəyanat verməsi qəbuledilməzdir.

"Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, bu sərvətlərin Azərbaycandan Ermənistana daşınması və yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Azərbaycanın suveren ərazisi olan Laçın yolunda dinc etirazlar Azərbaycan xalqının legitim hüququdur.
Erməni sakinlərin kompakt yaşadığı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətlər Azərbaycanın milli təhlükəsizliyinə hədədir və belə qanunsuz fəaliyyətlərə son qoyulması zəruridir. Bu xüsusda, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir.

Xarici İşlər Nazirliyinin son bir ay ərzində verdiyi bəyanatlarda qeyd edildiyi kimi, Laçın yolunda nəqliyyat vasitələrinin və sakinlərin hərəkətinə etirazçılar tərəfindən heç bir maneə tətbiq edilmir və guya etirazların bölgədə “humanitar fəlakət” yaratdığı barədə iddialar əsassızdır.

Etirazlar başlayan gündən yoldan istifadə etməklə sayı 1000-dən artıq olan nəqliyyat vasitələri sakinlərin istifadəsi üçün gündəlik tədarük malları, tibbi ləvazimatlar və zəruri tibbi xidmətlərlə təmin olunublar.
Azərbaycan hökuməti həmçinin erməni sakinlərinin üzləşə biləcəyi bütün humanitar ehtiyacları operativ şəkildə həll etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Bütün bunlara baxmayaraq, özlərini erməni sakinlərin “liderləri” kimi təqdim edən şəxslər öz qanunsuz fəaliyyətlərini davam etdirmək məqsədilə yerli əhalidən sipər kimi istifadə etməkdə davam edir və onların hərəkət azadlığına mane olurlar.

Qeyd edilənlərlə əlaqədar, BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq", - qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO