Fransa İrəvanı Azərbaycandan necə qopardı? – TARİXİ FAKTLAR 

Fransa İrəvanı Azərbaycandan necə qopardı? – TARİXİ FAKTLAR 

Hazırda oxunan: Fransa İrəvanı Azərbaycandan necə qopardı? – TARİXİ FAKTLAR 

114565

Azərbaycan Xalq Cümhuriyyəti dövrü hər nə qədər geniş araşdırılsa da, həmin dönəmdə baş verən proseslərlə bağlı nə tarixçilər, nə də cəmiyyətdə birmənalı fikir mövcud deyil. Xüsusilə də, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq miqyasda müstəqilliyin tanınması mövzuları daha çox müzakirə edilir.

Həmin dövr üçün ən diqqət çəkən, sonrakı dövrlərdə də nəticələrini ən ağır formada hiss etdiyimiz məsələ isə heç şübhəsiz İrəvanda Ermənistan dövlətinin yaradılması oldu. 

Bəs, ermənilər buna necə nail oldu? Hansı ölkə ermənilərin dövlət sahibi olmalarına qapı açdı?
 

MÖVZU İLƏ BAĞLI:

Qan üzərində SƏLTƏNƏT - Fransanın müharibə ritorikası ilə SÜLHYARATMA cəhdləri


Bizim.Media bu suallara cavab axtarıb.

Təbii ki, o dövrün proseslərindən geniş danışmaq olar. Lakin I Dünya Müharibəsinin başa çatmasından sonra dünyanın sonrakı taleyini həll etmək üçün çağrılan Paris Sülh Konfransına yollanan nümayəndə heyətimizin başına gələnlər bu sualları böyük ölçüdə cavablamağa imkan verir. 

Müstəqillik yolunda böyük ümidlər

Sülh Konfransının keçiriləcəyi ilə bağlı məlumatı Azərbaycanın Osmanlıdakı nümayəndəsi Əlimərdan bəy Topçubaşov əldə etmişdi. Osmanlının Xarici İşlər Naziri Rəşad Paşa dekabrın 3-də bu barədə Topçubaşova xəbər verib, azərbaycanlı nümayəndələrin də Parisə getməsinin vacib olduğunu bildirmişdi. 

Topçubaşov da öz növbəsində Nazirlər Şurasının sədri Fətəli xan Xoyskini məlumatlandırdı və Nümayəndə Heyətinin tərkibi ilə bağlı müzakirələr başladı. Yanvarın 7-də Heyətin tərkibi təsdiqləndi və diplomatlarımız Parisə yola düşdülər. 

Batum limanından Gürcüstan nümayəndə heyətinin üzvləri ilə birlikdə Türkiyəyə yollanan Azərbaycan parlamentariları yanvarın 20-də İstanbula çatdı. Burada isə yollar ayrıldı. Yaranmış çətinliyə baxmayaraq, iki aydan bəri sülh konfransına təkbaşına hazırlaşan Ə.Topçubaşov dərhal nümayəndə heyətinin üzvləri arasında iş bölgüsü aparıb, təşkilatdaxili vəzifələri aydınlaşdırdı. Bundan sonra isə Parisə mümkün qədər tez yola düşmək üçün iş başlandı.

İlk hədəf – Əhməd bəy Ağayev

Lakin Azərbaycanın göndərdiyi nümayəndə heyətində bəzi ziyalılarımıza qarşı Fransa hökumətinin sərt duruşu var idi. İstanbuldakı ingilis və fransız komandanlıqlarının süni maneələri, eləcə də Müttəfiqlərin himayəsinə sığınmış ermənilərin təxribatçı fəaliyyəti də elə bu zaman bütün çılpaqlığı ilə üzə çıxdı. Artıq Parisdə olan erməni heyəti də məkrli planların həyata keçirilməsində soydaşlarına bacardığı qədər kömək etməyə çalışırdı.

İlk zərbə işgüzarlığına, mükəmməl fransızcasına və Parisdəki əlaqələrinə böyük ümidlər bəslənən Əhməd bəy Ağayevin "zərərsizləşdirilməsi" oldu. Fransızlar Ağayevi İttihad və Tərəqqi hökumətinin təmsilçisi kimi təqdim edən böhtan dolu məlumatları mətbuatda tirajlamağa başladılar.  

Aydın məsələdir ki, Fransanın başlatdığı təxribat aksiyası bir şəxs kimi Ə.Ağayevi ləkələməkdən daha çox Azərbaycan nümayəndə heyətinin Parisə yola düşməsini əngəlləmək məqsədi güdürdü. Ə.Topçubaşovun heyət üzvünü və köhnə dostunu xilas etməklə bağlı cəhdləri heç bir nəticə vermədi. 

Fransızların viza oyunu

Fransa nümayəndə heyətimizin səfərini əngəlləmək üçün süni viza problemi yaratmışdı.

Fransanın bu addımı 3 başlıca səbəblə əlaqələndirilir:

1. Azərbaycanlıların Anadolu türkləri ilə soy yaxınlığı.

2. Azərbaycanlı nümayəndələrin qəbulunun Fransanın da dəstəklədiyi çarlıq tərəfdarlarını qəzəbləndirəcəyi ehtimalı.

3. Erməni lobbisinin Fransadakı aktiv fəaliyyəti. 

“Parisə yola düşmək məsələsi texniki çətinliklərdən daha çox digər məsələlərlə əlaqədardır; səfərimizə istisnasız olaraq siyasi xarakterli mülahizələrə görə maneçilik törədilir", - deyə Topçubaşov Xoyskiyə yazdığı məktubda açıq şəkildə qeyd edirdi. 

Azərbaycanlı parlamentarilər isə Fransadan gələcək vizanı gözləyirdi. Fevralın ilk günlərində Ə.Topçubaşovun İstanbuldakı fransız ali komissarı admiral Ametə ünvanlanan, Azərbaycan Cümhuriyyətinin yaranma tarixi, mövcud vəziyyəti və nümayəndə heyətinin Paris sülh konfransından gözləntiləri haqqındakı geniş məktub-arayışı da ümumiyyətlə cavabsız buraxıldı.
Topçubaşov və komandası isə səylərini davam etdirdi. Lakin fransızlar hər dəfə müxtəlif bəhanələrlə, viza verilməsi məsələsini uzadırdı. Fransa rəsmiləri hər dəfə nümayəndə heyətinin tərkibini bəhanə edir, iki, gah da üç nəfərə viza verilə biləcəyini bildirməklə, parlamentarilərimizi aldadırdı. 

Fransız tarixçisi G.Mamuliyanın yazdığına görə, Rusiyaya rəğbətini gizlətməyən ali komissar general Franşe d`Eşpere Azərbaycan missiyasını bilərəkdən parçalamaqla, sədr və tərcüməçilərdən məhrum etməklə onu Parisə getmək fikrindən birdəfəlik çəkindirməyə çalışırdı.

3 ay sonra gələn cavab

Nəhayət, aprelin 18-də Nazirlər Şurası sədrinə göndərdiyi 18 aprel tarixli məlumatda Ə.Topçubaşov yeni taktika ilə bağlı məlumat verərək yazırdı: 

"Üç nəfərdən — Hacınski, Məhərrəmov və Hacıbəylidən ibarət birinci qrup Parisə, iki nəfərdən — Mehdiyev və Şeyxülislamovdan ibarət ikinci qrup Londona gedəcək, mən isə Konstantinopolda qalıb fəaliyyət göstərəcəyəm”.

Bununla da, Paris sülh konfransının işə başlamasından üç ay sonra Azərbaycan nümayəndə heyətinə nəhayət Avropaya viza verildi.

Qeyd edək ki, Bütün bunlar baş verərkən, erməni nümayəndələri heç bir maneə ilə qarşılaşmadan çoxdan Parisə gəlib, “özfəaliyyət”lərinə start vermişdilər. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı Sülh konfransına da tələblər irəli sürüb, İrəvanla yanaşı, Naxçıvan və Zəngəzurun da onlara verilməsi tələbi ilə Antanta liderləri ilə görüşlər keçirirdilər.

Cümhuriyyət qurucuları bu təzyiqlər altında Azərbaycan tarixi üçün bağışlanılmaz bir akta qol çəkdilər. 
Nümayəndə heyətimizin Paris Sülh Konfransındakı fəaliyyəti və sonrakı dövrdə baş verən hadisələr haqqında növbəti yazılarmızda izləyin.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO