Ermənistanla Azərbaycan arasında YENİ MÜHARİBƏ – Metyu Brayza ehtimallar haqqında danışdı - ÖZƏL

Ermənistanla Azərbaycan arasında YENİ MÜHARİBƏ – Metyu Brayza ehtimallar haqqında danışdı - ÖZƏL

Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında YENİ MÜHARİBƏ – Metyu Brayza ehtimallar haqqında danışdı - ÖZƏL

113968

“Bəli. Həqiqətən də 2022-ci ildə Azərbaycan və Ermənistan arasında mümkün sülh müqaviləsinə və ya heç olmasa sülh müqaviləsi ilə bağlı ciddi danışıqların başlanmasına ümidlər böyük idi. Belə nikbinliyin səbəbi o idi ki, həm prezident İlham Əliyev, həm də baş nazir Paşinyan sülh sazişi əldə etməyə çalışdıqlarını açıq şəkildə bildirmişdilər”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza deyib. Diplomatla geniş müsahibəni təqdim edirik:

- Cənab Brayza, sülh müqaviləsi 2023-cü ilə təxirə salındı deyə bilərik. Sülh üçün Avropa İttifaqının da bir çox təşəbbüsləri oldu. Bir diplomat olaraq, necə düşünürsüz, sülhə niyə görə nail ola bilmədik?

- Hər iki ölkə liderinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə apardıqları müzakirələrdən sonra, həm də prezident Putinlə görüşdən sonra onlar mahiyyətcə bir neçə dəfə sülh müqaviləsi imzalamaq istədiklərini söyləyiblər.

Düşünürəm ki, Ermənistanın daxili siyasətində baş nazir Paşinyana qarşı müxalifət güclü olaraq qalır və onun opponentləri hesab edirlər ki, Paşinyanı 10 noyabr atəşkəs bəyanatına, eləcə də Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında birgə infrastruktur layihələri üzrə 11 yanvar 2021-ci il tarixli üçtərəfli sazişin razılaşdırılmasına görə, onu vətənə xəyanət etmiş kimi göstərsələr, onlar üçün daha yaxşı olar.
- Yəni əsas əngəl Ermənistan müxalifətidir?

- Bəli, deməli, Paşinyanın əleyhdarları, məncə, Ermənistan ictimaiyyətini Azərbaycanla sülhə nail olmağın və Qarabağ müharibəsini bitirməyin səhv olduğuna inandırmağa çalışırlar. Düşünürəm ki, onlar Ermənistanın bu müharibədə və ya gələcək münaqişələrdə qalib gəlmək şansının olmadığını bilirlər, lakin onlar Paşinyanın istədiyi şeyi, yəni prezident Əliyevlə ciddi danışıqlara getmə prosesini çətinləşdirirlər.

- Biz yaxın vaxtlardan etibarən yeni ad eşitdik, Ruben Vardanyan. Yəqin ki, siz də məlumatlısız, Vardanyan və ya onun havadarları nə etməyə çalışırlar?

- İndi cənab Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Xankəndiyə köçməklə özünü Qarabağın, ya da, onların dediyi kimi - qondarma “Artsax hökumətinin” yüksək vəzifəli məmuru adlandırması çox qəribə qərardır və işi daha da çətinləşdirir.

O, ermənilərin hələ də işğal etməkdə olduğu ərazilərdə soyqırımı və azərbaycanlıların ermənilərin hüquqlarının pozması barədə yalan iddialar irəli sürür. Və bu, məncə, bir çox ermənilərin emosiyalarını gücləndirir və Paşinyanın sülh müqaviləsinə doğru irəliləməsini daha da çətinləşdirir.

Vardanyanın etdikləri çox təhlükəlidir və mən bilirəm ki, qeyd etdiyim bütün bunlar Azərbaycan tərəfini, istər prezident İlham Əliyev, istər xarici işlər naziri Ceyhun Bayramov, istərsə də bir çox digər yüksək rütbəli Azərbaycan rəsmilərini çox məyus edir və onlar düşünürlər ki, Paşinyanın sülh müqaviləsi istəməsinə baxmayaraq mümkün sülh sazişi ilə bağlı Ermənistana güvənmək olmaz.

- Sülh müqaviləsi fonunda Azərbaycanın və onun tərəfdaşlarının gözlədiyi digər mühüm məqam Zəngəzur dəhlizidir. Sizinlə bu dəhlizin əhəmiyyəti barədə müxtəlif zamanlarda çox danışmışıq. Sülh müqaviləsindən asılı olmayaraq bu il dəhliz reallaşa bilərmi?

- Zəngəzur dəhlizinə gəldikdə, onun bu il həyata keçib-keçməyəcəyi ilə bağlı ancaq sizin qədər təxmin yürüdə bilərəm, lakin Ermənistanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə qarşı çıxan həmin adamlar, əlbəttə ki, dəhlizə də qarşı çıxırlar. Və bu məqamda nə olacağını təxmin etmək həqiqətən çətindir.

Dediyim kimi, başa düşmək olar ki, Azərbaycan tərəfi Paşinyanın sözünü çatdıra bilməməsindən, siyasi dəstək əldə edə bilməməsindən və nəyəsə razılaşa bilməməsindən məyusdur.

- Azərbaycanın səbri tükənir desəm, hesab edirəm ki, yanılmaram. Belə olduqda, yenidən silahlar işə düşə bilər. Siz necə düşünürsüz?

- Keçmiş vasitəçi, diplomat və sülhə sadiq bir şəxs kimi mən çox ümid edirəm ki, silahlı münaqişəyə qayıdış görməyəcəyik. Demək istədiyim odur ki, Ermənistan ordusu Azərbaycan hərbi qüvvələri tərəfindən darmadağın edilib və Azərbaycan ordusu hər gün getdikcə güclənir.

Rusiya sülhməramlıları isə belə görünür ki, sabitliyi qoruyub saxlamaq istəmirlər və ya bacarmırlar.

Ümid edirəm ki, Azərbaycanda insanlar başa düşürlər ki, Azərbaycan qanunlarını tətbiq etmək, yəni bu kontekstdə bütün azərbaycanlıların Azərbaycanın istənilən ərazisinə giriş huququnu təmin etmək Rusiya sülhməramlılarının işi deyil.

Təbii ki, Azərbaycanda ekofəalların, qeyri-hökumət təşkilatlarının qeyri-qanuni mədən işlərinin aparıldığına inandıqları işğal olunmuş ərazilərin bəzilərinə səfər etmək cəhdlərini nəzərdə tuturam.

Ümid edirik ki, bütün bu məsələ gərgin təxribatlara gətirib çıxarmayacaq, əksinə, sülh bərqərar olacaq və nəticədə Ermənistan xalqı zaman keçdikcə öz milli məğlubedilməzlik mifinin və Qarabağın Ermənistandır ifadələrinin yalan, onlar üçün dağıdıcı olduğunu başa düşəcək, Paşinyanın rəqibləri zəifləyəcək.
O halda biz Paşinyanın və ya hakimiyyətdəki hər hansı digər şəxsin Azərbaycanla xoş niyyətli sülh danışıqları aparmaq üçün Prezident ilham Əliyevlə danışıqlara getdiyini görə bilərik. Bundan sonra, əlbəttə ki, Zəngəzur dəhlizinin həyata keçdiyinin də şahidi olacağıq.

- Cənab Brayza, zaman ayırdığınız və bizimlə birgə təhlil etdiyiniz üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO