“Post-münaqişə dövründə Azərbaycanın sülh gündəliyinə uyğun olaraq, bu ilin fevral ayında sülhlə bağlı 5 baza prinsipi Ermənistana təqdim olunub”.
Bizim.Media xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir deyib ki, Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə 3 görüş keçirilib, avqustda sülh danışıqlarına başlanılması barədə xarici işlər nazirlərinə tapşırıq verilib:
“Praqa və Soçi görüşlərində qəbul edilən danışıqlarda BMT Nizamnaməsinə uyğun olaraq ölkələrin ərazi bütövlüyü əsasında sülh danışıqlarının aparılması əksini tapıb. 23 dekabrda üçüncü raund danışıqlarının Moskvada keçirilməsi nəzərdə tutulsa da, Ermənistan bu danışıqları pozub”.
Xarici işlər naziri qeyd edib ki, bu il Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib:
“Delimitasiya ilə bağlı da 3 görüş keçirilib. Bütün bunlara baxmayaraq, əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir”.
Ceyhun Bayramov nəzərə çatdırıb ki, bu il Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib.
XİN başçısı Ermənistanın üçtərəfli bəyanatın bir sıra öhdəliklərini pozduğunu xatırladıb:
“Üçtərəfli bəyanatda yer alan bir sıra öhdəliklərin hələ də Ermənistan tərəfindən yerinə yetirilməməsi, qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”.
Ceyhun Bayramov deyib ki, 35-i mülki şəxs olmaqla, 46 vətəndaşımız bu il mina terrorundan həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:05 / 27.12.2022
“Ermənistan Moskva danışıqlarını pozub” - XİN
Hazırda oxunan: “Ermənistan Moskva danışıqlarını pozub” - XİN
Hazırda oxunan: “Ermənistan Moskva danışıqlarını pozub” - XİN
111932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.