"Qərbi Azərbaycan icmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmlidir".
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə İcmanin qarşısında duran vəzifələrdən danışarkən bildirib:
“Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, icra qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir.
MÖVZU İLƏ BAĞLI:
Prezidentən aksiyaçılara DƏSTƏK: “Bu, bizim legitim hüququmuzdur”
Ona görə hesab edirəm ki, icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər”.
Prezident qeyd edib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq və icmanın beynəlxalq müstəvidə fəaliyyəti bu istiqamətdə olduqca vacibdir:
“Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir.
Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur”, - deyə İlham Əliyev bildirib.
Bizim.Media