“Təbii resursların qanunsuz istismarı və ətraf mühitə vurulan ziyanın qarşısını almaq məqsədilə vətəndaş cəmiyyəti nümayəndələri Laçın yolunda bir həftədir etiraz aksiyası keçirirlər. Aksiyanın xarakteri dinc, hədəfi isə qanunun aliliyinin təmin edilməsi olsa da, bir çox ölkələr gerçəkliyi əks etdirməyən bəyanatlarla çıxış ediblər”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin hazırladığı təhlildə yer alır.
MÖVZU İLƏ BAĞLI:
Pakistandan Xankəndi-Laçın yolundakı vəziyyətlə bağlı Azərbaycana DƏSTƏK
“ABŞ və onun müttəfiqlərinin yanaşmasını birtərəfli, əsassız və məntiqsiz terminləri ilə ifadə etmək olar.
ABŞ-dan vasitəçi kimi qərəzsizlik gözlənilsə də N.Prays “Laçın dəhlizinin bağlanmasını” sülh prosesini ləngidən və “ağır humanitar nəticələrə” gətirə bilən vəziyyət adlandırıb, Azərbaycan hökümətini yol boyunca sərbəst hərəkəti bərpa etməyə çağırmışdır.
Bəyanat erməni narrativini təkrarlayaraq birtərəfli olmaqla yanaşı, həm də əsassızdır. Beləki etirazçılar Konstitusiya və beynəlxalq hüquqla müəyyən edilən haqlarını reallaşdırırlar.
Konstitusiya və BMT İnsan Haqqları Bəyannaməsinə görə hər kəsin ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. İttihamın praktiki cəhətdən əsassız olması onunla əlaqəlidir ki, yolu etirazçılar yox, Rusiya sülhməramlıları bağlayıb.
Məntiqsizlik ABŞ-ın Cənubi Qafqazda izlədiyi hədəflə atdığı addımlar arasında ziddiyyət formasında özünü göstərir.
ABŞ-ın hədəfi Rusiyanı CQ-dan sıxışdırmaqdır. Buna nail olmaq üçün İrəvan-Bakı və İrəvan-Ankara münasibətləri normallaşmalı və Qarabağ ermənilərinin reinteqrasiyası başlamalıdır.
Moskva Bakı ilə erməni azlıq arasında dialoqu regionda mövcudluğuna təhlükə hesab edib, Vardanyan kartından istifadə edir. 1 sentyabr tarixində Vardanyan Rusiya pasportundan imtina edib, Ermənistan və Qarabağda layihələri maliyyələşdirəcək fond yaratdı. “Forbes”-in rus nəşrinə müsahibə verən Vardanyan Qarabağa yalnız yerli sakinlərə onların “tək olmadıqlarına və çox çətin yolu onlarla birgə getməyə hazır olan insanların olmasına dair siqnal” vermək üçün gəldiyini bildirmişdir. Müsahibədə Vardanyan oxucuları əmin edirdi ki, “mənəvi baxımdan da tam fəaliyyət azadlığına malik olmaq üçün” dövlət vəzifəsini tutmağı planlaşdırmır.
Vardanyan Qarabağa gəldikdən sonra sentyabrda şərti sərhəddə və Qarabağda təmas xəttində ciddi toqquşmalar oldu. 27 sentyabrda Vaşinqtonda ABŞ prezidentinin müşaviri C.Sallivanın iştirakı ilə H.Hacıyev və A.Qriqoryan arasında görüş baş tutdu.
Görüşün nəticələrini özündə əks etdirən “Vaşinqton sənədi”nin III bəndinə görə, Azərbaycan höküməti Qarabağdakı etnik ermənilər ilə işləmək üçün nümayəndə təyin etməli idi.
ABŞ-ın fikrincə Bakı ilə erməni azlığın dialoqu regionda etibar mühitinin formalaşmasına şərait yaradıb, RSK-nın mövcudluğunu qeyri-aktual edib, 2025-ci ildə Azərbaycandan çıxmasına imkan verəcək.
Bunu qabaqlamaq üçün Rusiyanın təsiri və təzyiqi ilə 4 oktyabr tarixində Vardanyan qondarma hökümətdə “dövlət naziri” olmaq təklifini aldı. Vardanyan təklifi dərhal qəbul etməyib, 6-7 oktyabr tarixlərində keçirilmiş Praqa sammitinin nəticələrini gözlədi. Praqa bəyanatında tərəflər 1991-ci il tarixli Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyini bir daha tanıdıqlarını bəyan etdilər.
Praqa bəyanatının əhəmiyyətini heçə endirmək üçün Putin Valdayda ermənilərə “status” ilə bağlı xəyali ümidlər verib, Soçi sammitində öz maraqlarını təmin etmək istədi. Lakin, nəticədə Soçi görüşü Praqada əldə ediləni təsdiqləmiş oldu.
Moskvanın Soçidəki iflasından bir neçə gün sonra Vardanyan Moskvanın əmri ilə “dövlət naziri” olmaq təklifini qəbul etdi. Vardanyan “Moskvadan çox aydın bir gündəliklə göndərilən” insan olduğundan o Rusiyanın regionda mövqelərini möhkəmləndirmək istəqamətində əlindən gələni edəcəkdir.
Beləliklə, ABŞ-ın Bakı ilə erməni azlığı arasında dialoq vasitəsilə Rusiyanı regiondan sıxışdırmaq planı Vardanyan kimi maneə ilə qarşılaşıb. ABŞ bu maneəni aradan qaldırmaqda Azərbaycana kömək etmək əvəzinə birtərəfli bəyanatlar verməklə erməni narrativini təkrarlayıb, Vardanyanın regionda qalmasına şərait yaradır”, deyə mənbə qeyd edib.
Bizim.Media