Xəbər verdiyimiz kimi, dekabrın 17-də Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşü olub.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulandı. Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirildi.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşüb - FOTO
Söhbət zamanı “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olundu, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirildi.
Xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulandı və bu işə Azərbaycanın mühüm töhfəsi qeyd olundu.
Görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparıldı. Yunanıstan-Bolqarıstan İnterkonnektoru işə salındıqdan sonra Azərbaycan qazının qısa müddət ərzində Rumıniyaya nəql edilməsi barədə razılığa gəlindiyi bildirildi və gələn ilin yanvarında bu işə başlanılacağı ifadə edildi.
Həmçinin SOCAR-ın Rumıniyada uzun illər uğurla fəaliyyət göstərdiyi vurğulandı, bu fəaliyyətin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi.
Söhbət əsnasında Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu ilə nəqliyyat-kommunikasiya imkanlarının, yükdaşımaların həcminin artırılmasının mümkünlüyü barədə də fikir mübadiləsi aparıldı.
Bunun, eyni zamanda, Xəzər dənizi hövzəsi ilə Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əməkdaşlıq işinə töhfə verəcəyi qeyd edildi. Bu proseslərin öz növbəsində Mərkəzi Asiya ilə Avropa arasında tranzit əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların uğurla davam etdirildiyi bildirildi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bizim.Media