Ədalət Verdiyev:

Ədalət Verdiyev: "Aksiya iştirakçıları Rusiya sülhməramlılarından yolun açılmasını tələb edirlər"

Hazırda oxunan: Ədalət Verdiyev: "Aksiya iştirakçıları Rusiya sülhməramlılarından yolun açılmasını tələb edirlər"

109608

Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan tərəfi heç bir halda hansısa yolun bağlanması istiqamətində hər hansı addım atmayıb. Tam əksinə, Azərbaycan münaqişə başa çatdıqdan dörd gün sonra Laçın yolunu Rusiya sülhməramlılarının nəzarətinə verməklə, Ermənistanın Qarabağla əlaqəsinin təmin olunması üçün şərait yaradıb. Lakin bu yol humanitar məqsədlər üçün nəzərdə tutulsa da, sonrakı müddətdə biz bu yoldan, eyni zamanda, erməni silahlılarının döyüş texnikası ilə təchizatı, sursat əldə etməsi və hətta 2021-ci ildə istehsal olunan minaların daşınması və ərazilərimizdə yerləşdirilməsinin şahidi olduq. 

Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Ədalət Verdiyev deyib. 

O qeyd edib ki, hazırda keçirilən aksiya yolun bağlanması deyil, əksinə onun açılması və Azərbaycanın dövlət qurumlarının və ekofəalların təbii sərvətlərimizin talan olunmasının qarşısını almaq, həmin yataqlarda monitorinqlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır:

“Bu barədə Azərbaycan tərəfində rəsmilər kifayət qədər aydın və şəffaf bəyanatlarla çıxış ediblər. Azərbaycan tərəfi paralel olaraq Laçın yolu ilə yanaşı, Naxçıvana da Azərbaycanın ikitərəfli və maneəsiz əlaqəsini tələb etmək hüququna malikdir.
Əfsuslar olsun ki, qalib tərəf olaraq biz üzərimizə düşən öhdəlikləri yerinə yetirsək də, məğlub və darmadağın olan Ermənistan hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Başqa sözlə desək, Laçın yolunun hazırda bağlı olması Azərbaycan tərəfindən qaynaqlanmır, görüntülərdən də məlum olduğu kimi, yolu Rusiya sülhməramlıları bağlayıblar. Bu yolun bağlanması üçün beton bloklardan və zirehli vasitələrdən istifadə olunub. 

Maraqlı burasıdır ki, Azərbaycan tərəfini öz ərazisinə buraxmayan Rusiya sülhməramlıları, nədənsə Qarabağda müvəqqəti nəzarət etdikləri ərazilərə dünyanın hər yerindən o cümlədən Almaniya, Fransa, ABŞ, Rusiya, Gürcüstandan gələnləri rahatlıqla buraxır, növbə Azərbaycana çatdıqda dinc sakinlərin önünə zirehli vasitələrlə, iriçaplı pulemyotlarla çıxmaqdan çəkinmirlər”. 

Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycandan olan ictimai və ekofəalların keçirdikləri aksiya birmənalı olaraq dinc aksiyadır və orada bir nəfər də olsun silahlı şəxs yoxdur. Aksiya iştirakçıları Rusiya sülhməramlılarından yolun açılmasını və sülhməramlıların üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilməsini tələb edirlər. 
“Xatırladım ki, Vətən müharibəsindəki Qələbəmizdən sonra artıq 25 ay ötməsinə baxmayaraq, Azərbaycanın bir vətəndaşı belə öz doğma yurd-yuvasına qaytarılmayıb. Lakin Rusiya rəsmilərinin verdikləri məlumatlara görə, Ermənistandan Qarabağa çoxlu sayda erməni qaytarılıb. Onlardan bəziləri sonradan getsələr də, bir hissəsi bu günədək Qarabağda yaşamaqdadır. Maraqlı budur ki, qalib tərəf olaraq bizim öz ərazimizə qayıtmağımıza Rusiya sülhməramlıları şərait yaratmadığı halda, məğlub tərəfə bu imkanı verib. Bu da Azərbaycan ictimaiyyətini narahat edən əsas məqamlardan biridir”, - deyə hərbi ekspert əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO