Sülhməramlıların müvəqqəti nəzarət zonası olan Şuşa-Xankəndi yolunda dünəndən başlayan etiraz aksiyalarında bir sıra maraqlı faktlar qeydə alınıb. Onlardan biri də etirazçılarımızın Rusiyalı sülhməramlıların sırasında ermənilərin olması faktıdır.
Sülhməramlı qüvvələrin sırasında maraqlı tərəflərdən birinin iştirakı təbii ki, yolverilməzdir. Bu həm beynəlxalq hüquqa, həm sülhməramlıların statusuna, həm də ki, 10 noyabr Bəyannaməsinin prinsiplərinə tamamilə ziddir.
Məsələ ilə bağlı hərbi ekspert Şair Ramaldanovun fikirlərini öyrəndik.
Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bu fakt nə qədər yeni olsa da təəccüblü deyil:
“Rusiyalı sülhməramlılar onsuz da son iki ildə ermənipərəst mövqe tutub. Bu gün Laçın dəhlizi ilə Xankəndinə istənilən şəxs və şəxslər buraxılır. Amma azərbaycanlılar öz dədə-baba torpaqlarına buraxılmır. Erməni separatçıları sülhməramlıların müvəqqəti nəzarət zonası boyu səngər qazıb, postlar qurub. Və davamlı şəkildə Azərbaycanlı hərbiçilərə atəş açırlar.
MÖVZU İLƏ BAĞLI:
Sülhməramlıların arasındakı erməni belə ifşa edildi - VİDEO
Ermənistanlı iş adamları xarici şərikləri ilə Qarabağdakı qiymətli yataqları qanunsuz istismar edərək Azərbaycandan çıxarır. Sülhməramlılarsa bütün bunlara nəinki, göz yumur,hətta onların mühafizəsini təşkil edirlər. Ona görə də sülhməramlıların tərkibində ermənilərin olması nə qədər qanuna və anlaşmaya zidd olsa da təəccüblü deyil. Amma bu faktın təsdiqi sülhməramlılara və 10 noyabr Bəyannaməsinə yenidən baxmaq zərurəti yaradır”.
Hərbi ekspert onu da qeyd etdi ki, son bir neçə gündə Azərbaycan XİN Rusiya XİN-ə nota verib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qarabağdakı ekoloji terrorla bağlı bütün dünyaya məlumat yayıb. Yəni dövlət müəyyən addımlar atır. QHT-lər də boş dayanmır. Artıq ikinci gündür ki, QHT üzvləri Şuşa-Xankəndi yolunda etirazlara başlayıb.
Növbəti addımlar ondan ibarət olmalıdır ki, Azərbaycan 10 noyabr Bəyannaməsinin tələblərini Rusiyadan ən qısa zamanda icrasını tələb etməlidir. Əks-təqdirdə sülhməramlıların status məsələsi gündəmə gətirilməlidir”.
Surxay Atakişiyev, Bizim.Media