Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Məclisində çıxış edib.
Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, Sahibə Qafarova diqqətə çatdırıb ki, Milli Məclisin sədri olaraq onun Türkmənistana ilk rəsmi səfəri Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf edir.
Azərbaycan parlamentinin rəhbəri iclas iştirakçılarına Azərbaycanın bugünkü reallıqları barədə məlumat verib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2003-cü ildən bu günə qədər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edərək, 3 dəfədən çox artıb.
Qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi əsas prioritet kimi müəyyən edilib. Aparılmış sosial-iqtisadi islahatlar nəticəsində işsizlik təqribən 6 faizədək azalıb, yoxsulluq səviyyəsi isə 49 faizdən təqribən 5 faizə enib. Ümumilikdə, Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Spiker Sahibə Qafarova çıxışında qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddət ərzində qonşumuz Ermənistanın işğalı altında qalmışdı. Təəssüflər olsun ki, məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri yerinə yetirilməmişdir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edərək, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını özü təmin edib.
Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb.
Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanılıb.
Çıxışına yekun vuran Azərbaycan parlamentinin rəhbəri Türkmənistana sülh, firavanlıq və tərəqqi arzularını çatdırıb.
Bizim.Media