Ötən gün Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı Millət vəkili Fəzail Ağamalı REAL Partiyasının ünvanına sərt fikirlər səsləndirib:
“Bəzi partiyalar, hansı ki onlar mürtəcedirlər və parlamentdəki partiyalardan biri bu qanunun əleyhinə çıxır. Onsuz da biz səs çoxluğu ilə bu qanunu qəbul edəcəyik. Lakin onlar hansı haqla bizim qəbul etdiyimiz qanunla qeydiyyatdan keçib, fəaliyyətlərini davam etdirəcəklər?”- deyə o bildirib.
Səslənən fikirlərə qarşı tərəf də münasibət bildirib.
REAL Partiyasının sədr müavini Natiq Cəfərli Bizim.Media-ya açıqlamsında qeyd edib ki, cəmiyyətimizdə bəzi adamların səsvermə haqqında, siyasət haqqında fikirləri çox bəsitdir, köhnədir:
MÖVZU İLƏ BAĞLI:
Fəzail Ağamalıdan REAL-a İRAD – “Onsuz da qanunu qəbul edəcəyik”
“Milli Məclisdə qəbul edilən bütün qanunlarla bəyəm hər kəs razıdır? Amma çoxluq tərəfindən qəbul edilmiş qanuna qarşı sivil dünyada, demokratik cəmiyyətdə konkret yanaşma var. Azlıq, qəbul edilmiş qanunlara tabe olur. Bizdə də elədir. Məsələn, mənim yol hərəkəti qaydalarının bəzilərindən xoşum gəlmir. Amma maşın sürürəm deyə o qaydalara əməl etməyə borcluyam.
Bu normal məntiqdir. Bəzi insanlar vaxtında məntiq öyrənsəydilər, dünyanı öyrənsəydilər, onda başa düşərdilər ki, siyasi partiyalar əleyhinə səs verdikləri qanun layihəsi qəbul edildiyi təqdirdə o qanuna tabe olmaq məcburiyətindədirlər. Söhbət təkcə Fəzail bəydən getmir. Ümumiyyətlə, bəzi insanlar belə düşünür ki, hamı verilən bütün təklifləri gözüyumulu qəbul etməlidirlər. Bəs, onda demokratiya, fikir müxtəlifliyi harda qaldı?!”
Surxay Atakişiyev, Bizim.Media