"F-16"ların Bakıya gəlişi və İrana “Qardaş yumruğu” — Araz qırağındakı təlimin şifrələri 

Hazırda oxunan: "F-16"ların Bakıya gəlişi və İrana “Qardaş yumruğu” — Araz qırağındakı təlimin şifrələri 

108231

İranın Ermənistan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan sərhədlərində hərbi təlimlər keçirməsi, xüsusilə Araz çayı üzərindən panton körpü salmaq ssenarisi üzərində məşq edərək, bununla Bakıya “istəsək o taya keçərik” təhdidini göndərməsindən sonra mollaların sözün gerçək mənasında şok yaşadığı hadisə baş verdi.  

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə Arazın sahilində birgə təlim keçirdi, bununla İran rejiminə lazım olandan da artıq cavab verildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə generalları birgə təlimi izlədi


Ən mühüm məqamlardan biri isə təlimlərin “Qardaş yumruğu” adlandırılmasıdır. Bu, mollalara “qırmızı xətləri” keçsəniz, iki qardaşın tək yumruğu əmmaməli başınıza enəcək mesajıdır. İran rejiminə yaxın media resurslarının verdiyi reaksiya, əksəriyyətinin isə susmağa məcbur olması mesajın lazımi ünvana çatdığını deməyə əsas verir. 

Azərbaycan və Türkiyənin “qardaş yumruğu” təlimləri özündə mühüm, həm də tarixi amilləri birləşdirir. 

Təlimlər məhz İranla sərhəddə keçirildi. Bu, Azərbaycanla sərhəddə “güc nümayişi” sərgiləyən Tehran rejiminin təhdidlərinə cavab və açıq meydan oxumaqdır. 

Təlimlərdə iki qardaşın vahid ordusu müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra etdi.

Bununla, Araz çayı üzərindən panton körpü salan Tehran respublikasına adekvat cavab verildi və nümayiş etdirildi ki, bütöv Azərbaycanı ayıran çayın üzərindən körpü salınsa, onu inşa edən təkcə Azərbaycan yox, həm də Türkiyə olacaq. 

Təlimlərdə ən müasir silahlardan istifadə edilməsi ötən əsrin 70-ci illərindən pas atmış silah-sursatla təlim keçirən molla rejiminə real hərbi güc nümayişi idi. 

Bunların fonunda təlimləri izləmək üçün birbaşa Türkiyənin müdafiə naziri Hulusi Akarın Bakıya səfəri təsadüfi deyildi. Bununla Türkiyənin Azərbaycanın yanında olduğu əyani şəkildə nümayiş etdirildi.

Hulusi Akar açıq şəkildə mesaj verdi ki, Azərbaycana qarşı istənilən təhdid Türkiyəyə qarşı təhdid kimi qəbul edilir. 

“Türkiyə və Azərbaycana qarşı təhdid və ya təxribat haradan və kimdən gəlirsə gəlsin, hər iki ölkəyə qarşı olaraq qəbul edirik. Dostumuz da eynidir, düşmənimiz də. Heç kimin bundan şübhəsi olmasın”, - Akarın bu sözləri bölgədə hər kəsə, xüsusilə son dövrlər təhdid dilini işə salan molla rejiminə idi. 

Azərbaycan və Türkiyə liderlərinin təlimlərlə bağlı videomüraciəti də əhəmiyyətli məqamlardandandır. 

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin sarsılmaz olduğuna diqqət çəkdi: 

“Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təşkil etdiyi hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbrik edirəm.  Təlimlərin adı “Qardaş yumruğudur”. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!”. 

Prezident Rəcəb Tayyip Ərdoğan təlimdə iştirak edən hərbçilərə xitabən, “sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz” deyə açıq mesaj verdi. 

“Bu təlimlər də göstərdi ki, biz bir-birimizlə əl-sümük kimiyik. Heç kim bizi bir-birimizdən ayıra bilməz, Allahın köməyi ilə də ayıra bilməyəcəkdir”, - Türkiyə Prezidenti vurğuladı. 

Təlimlərə "F-16"ların da cəlb edilməsi xüsusilə diqqət çəkir. Bu indiki situasiyada o deməkdir ki, "F-16"lar istənilən təhdid zamanı Azərbaycanın ixtiyarına veriləcək, yəni bu döyüş təyyarələri mümkün əməliyyatlarda birbaşa iştirak edəcək. Eyni zamanda, bunun tarix nöqteyi-nəzərdən də əhəmiyyəti var.

Hələ 2001-ci ildə İran Xəzər dənizindən Azərbaycanın suveren ərazilərinə müdaxilə edəndə Bakıya gələn “Türk şahinlər” molla rejimini yerində oturtdu, Astara istiqamətindən suveren sularımıza daxil olan İran rejiminin hərbi gəmiləri geri qayıtdı. 20 il sonra mollalar yenidən eyni eşqə düşmüşdülər, bu dəfə də Türkiyə "F-16"arla lazımi cavab verdi. 


Bu təlimlərdə Azərbaycan və Türkiyə açıq mətnlə İrana izah etdi ki, istənilən təhdid, təxribat cavabsız qalmayacaq və bu cavab “qardaş yumruğu” ilə veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO