“Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.
Azərbaycan Prezidentinin bu açıqlaması onu deməyə əsas verir ki, qardaşların dəmir yumruğu bölgədə gərginlik yaratmaq istəyən istənilən düşmənin başına endirilə bilər.
Bu fikirlərə əsas olaraq artıq iki gündür ki, Azərbaycan və Türkiyə hərbi birləşmələri sərhəddə Arazboyu təlimlərə başlayıb.
MÖVZU İLƏ BAĞLI:
Arazboyu təlimlərdən sonra İran hansı addımı atacaq? – Politoloqların FİKRİ
Hərbi təlimlərlə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Şair Ramaldanov qeyd edir ki, hazırkı toplantı miqyas etibarı ilə daha geniş ətrafa mesaj ötürən bir addımdır. Türkiyə-Azərbaycan qardaşlıq və hərbi əməkdaşlığı zəruri olan addım kimi yox, həm də təbii, qandan gələn bir bağlantılardır:
“Azərbaycana Türkiyə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iki qardaş ölkə birgə hərbi təlimlər keçirlər. Təlimlər hər il olduğu kimi bu ildə birgə fəaliyyət pıanına uyğun olaraq həyata keçirilir.
Müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən bu təlimlər Bakı şəhərilə yanaşı, Cəbrayıl, İmişli və Astara rayonunu əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycanın quru qoşunları, hava qüvvələri, xüsusi təyinatlı qüvvələr, raket və artileriya qoşunlarının bölmələri Türkiyə ordusu ilə birgə müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimlərdə həmçinin ən müasir hərbi avadanlıqlardan da istifadə edilir.
Bu Türkiyə Ordusu ilə keçirilən ilk belə təlim deyil. Şuşa bəyannaməsinə uyğun olaraq artıq Türkiyə Ordusu deyəndə yanında Azərbaycan Ordusunu görmək lazımdır. Eyni zamanda, Azərbaycan Ordusu deyəndə də yanında Türkiyə Ordusunu görmək lazımdır.
İran və digərləri bu amili nəzərə almalı, ölkəmizə qarşı təxribatlardan əl çəkməlidirlər. Bu təlimlər daha geniş ərazini əhatə edir. Keçirilən təlimlər heç kimə qarşı deyil, əvvəlcədən planlaşdırılıb. Amma bununla belə ölkəmizə qarşı təxribat törədən qüvvələr, xüsusən də İran bu təlimlərdən dərs almalıdır.
Ölkəmizə qarşı təhdid dilində danışmaq olmaz. Azərbaycan bütün qonşularla dostluq və mehriban qonşuluq əsasında yaşamaqda maraqlıdır. Bu isə heç də o anlama gəlməməlidir ki, kimsə bizimlə təhdid dilində danışmalıdır.
Buna heç zaman yol verilməyəcək. Keçirdiyimiz təlimlər Azərbaycanın sərhədinin gücləndirilməsi və hər hansı bir vəziyyət yaranarsa, Ordumuzun hədəflərə çatmasına hesablanıb. Keçirilən birgə təlimlərimiz cənub ölkəsinə Ordumuzun bu istiqamətdə apara biləcəyi və göstərəcəyi fəaliyyətinin nümayişidir.
Hansısa şəkildə Azərbaycana cənub istiqamətdən təhlükə olarsa, Türkiyə-Azərbaycan qardaşlığı və hərbi əməkdaşlığı həmin təhlükəni birmənalı şəkildə dərhal aradan qaldıracaq. Tehran bu mesajı anlayaraq, özünün məkirli niyyətlərindən vaz keçməlidir”.
Rüfət Sultan, Bizim.Media