Bu gün Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə ilə Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Məhməttair Zakirzadə arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Səfirlikdən məlumat verilib.
Məlumata görə, M.Zakirzadə səfiri səmimi salamlayıb, Azərbaycanın Tacikistan üçün dost ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib.
Səfir H.Məmmədzadə M.Zakirzadəni Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik edib və gələcəkdə Tacikistan Respublikasının Ali Məclisinin Nümayəndələr Palatası ilə Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi arasında daha sıx əməkdaşlıq ediləcəyinə ümidvar olduğunu qeyd edib.
Səfir Tacikistanda şahidi olduğu qonaqpərvərlik və xoş münasibətin xalqlarımız arasında yaxınlığın və səmimi münasibətlərin göstəricisi olduğunu bildirib.
Əlaqələrimizin inkişafında hər iki ölkənin parlamentlərinin müsbət rolundan danışan Spiker, Parlamentin Nümayəndələr Palatasında Tacikistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyət göstərdiyini qeyd edib, təcrübə və informasiya mübadiləsi baxımından, deputatların mütəmadi görüşlərinin vacibliyini vurğulayaraq, post-pandemiya dövründə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətli olacağını bildirib.
Spiker dünyada hökm sürən COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən Tacikistana ayrılan humanitar yardım, Tacikistan vətəndaşlarının Azərbaycan universitetlərində təhsil almaları üçün ayrılmış çoxsaylı kvotalar və Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə Tacikistan mallarının dünya bazarlarına çıxarılmasına yaradılmış şərait və imtiyazlara görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib.
H.Məmmədzadə hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya biləcəyini bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, iki ölkənin parlamentlərarası dostluq qrupları arasında mütəmadi görüşlərin təşkili, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media