Qloballaşma ARTIQ BİTDİ – ABŞ Avropanı öz problemləri ilə baş-başa buraxır...

Qloballaşma ARTIQ BİTDİ – ABŞ Avropanı öz problemləri ilə baş-başa buraxır...

Hazırda oxunan: Qloballaşma ARTIQ BİTDİ – ABŞ Avropanı öz problemləri ilə baş-başa buraxır...

107952

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ və Avropa İttifaqı arasında ticarət müharibəsinin ola biləcəyini açıqlayıb.

Belə ki, fon der Leyen ABŞ-ın qəbul etdiyi inflyasiyanın azaldılmasına dair qanunun haqsız rəqabətə, bazarların bağlanmasına və kritik vacib logistika zəncirinin pozulmasına gətirib çıxara biləcəyini bildirib.

Bəs, ABŞ və Aİ arasında ticarət müharibəsi dünya iqtisadiyyatına necə təsir göstərəcək?

Mövzunu Bizim.Media üçün şərh edən iqtisadçı ekspert Elman Sadıqovun sözlərinə görə, ABŞ və Aİ arasında ticarət müharibəsi artıq bir neçə ildir başlayıb:

“Sadəcə olaraq, məsələ bundan ibarətdir ki, Avropanın ABŞ-ın Rusiya, Yaxın Şərq və İran siyasətində tutduğu fəaliyyətsiz mövqe tərəflər arasında fikir ayrılığının yaranmasına gətirib çıxardı. Digər tərəfdən, Tramp da qeyd edirdi ki, “Çinə qarşı tətbiq etdiyimiz sərt siyasəti Avropaya qarşı nəzərdə tutmasaq da, öz bazarımızı qorumaq üçün tədbirlər görəcəyik”. Fon der Leyenin qeyd etdikləri də əslində aysberqin görünən tərəfidir.

Ümumilikdə isə, son 4-5 ildə gedən proses qloballaşmanın əksi olan deqlobalizasiyadır. Dünya qloballaşmadan yavaş-yavaş çəkilir və bundan sonra bir neçə mərkəzlər yaranacaq. Çünki qloballaşma dünya iqtisadiyyatı üçün problemlər, gəlir bərabərsizliyi formalaşdırdı ki, indi müəyyən dərəcədə bunu yoluna qoymağa çalışırlar. Göründü ki, bir ölkə ətrafında mərkəzin formalaşması problemlər yaradır. Məsələn, Avropada mərkəzin formalaşdırılmasını birlik şəklində etməyə çalışsalar da, buna istənilən səviyyədə nail ola bilmədilər”.

Ekspertin fikrincə, inflyasiya hal-hazırda dünyanı narahat edən ən böyük problemlərdən biridir:

“Artıq bu gün inflyasiya bütün qlobal iqtisadiyyat üçün ən böyük problemdir. Artıq bir sıra bölgələrdə inflyasiya nəzarətdən çıxmış vəziyyətdədir və onun aşağı salınmasında ciddi problemlər yaşanır. Ona görə ki, inflyasiyanı aşağı salmağa çalışdıqca, biznes də boğulur. Gedişat faktiki olaraq ondan ibarətdir ki, Amerika dünyanın qlobal problemini həll etmək yerinə, birliklərin formalaşmasını istəyir. Həmin birliklər də, öz daxillərində iqtisadi problemlərini həll etsinlər. Əslində, ABŞ-ın mesajı budur ki, “biz nə qədər digər mərkəzlərin problemlərini həll etməyə çalışsaq da, lazım olan siyasi dəstəyi ala bilmədiyimiz üçün vəziyyət bu yerə gəlib çıxdı”. 

Elman Sadıqov qeyd edib ki, Leyenin açıqlamalarında hər hansı sensasion və təsadüfi məqam yoxdur və bu davam edən prosesin bir halqasıdır:
 

“Qloballaşma artıq bitdi, azad ticarət məsələsi yoxdur. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) artıq ölkələrarası ticarətdə söz sahibi deyil. Bu prosesdə hansı ölkələrin qazanacağı məsələsinə gəlincə isə qeyd etməliyik ki, Çin artıq böyük gücə çevrilməkdədir. Bu gün Çinin iqtisadi çöküşü Amerika da daxil olmaqla heç kimə sərf etməz.


Çünki bu baş verərsə, vəziyyətdən hər kəs zərərli çıxacaq. Amma Çinin bu şəkildə davam etməsi də balansı pozur. Yəni əsas məsələ, Çinin iqtisadi inkişafına nəzarət edilməsidir. 

Hazırda ABŞ qarşısına Aİ-ni çökdürmək kimi məqsəd qoymayıb. Sadəcə olaraq, məsələ siyasi anlaşmazlıqların həlli və hər birliyin öz problemini özünün həll etməsidir. ABŞ rəsmiləri də artıq açıq şəkildə mesaj verir ki, onlar müttəfiqlərinə etdikləri iqtisadi güzəştlərin qarşılığını ala bilmirlər. Məsələn, NATO-nun 80%-ni ABŞ maliyyələşdirir və Avropanın təhlükəsizliyini təmin edir. Ona görə də, Vaşinqton Rusiyaya qarşı siyasətində Avropanın neytral qalmasını anlaya bilmir.
 

Xatırlayırsınızsa, 2014-2015-ci illərdə Avropa TANAP və TAP layihəsinə birmənalı yanaşmır, onu artıq xərc hesab edirdi. Və əsaslandırırdılar ki, “Rusiya qazını daha ucuz ala bilirik”.


Avropanın bu cür davranışları ABŞ və Britaniyaya bir çox problemlər yaradıb.   

Bunun nəticəsidir ki, ABŞ Avropa İttifaqını öz problemləri ilə baş-başa buraxır. Və ABŞ Avropadan əlini çəksə, Çin də oxşar addımı atsa, Aİ üçün ciddi problemlər yarana bilər”.  


Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO