Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun Türkiyə Maarif Fondunun sədri, professor Birol Akgün ilə görüşüb.
Bizim.Media nazirliyin Mətbuat xidməti idarəsinə istinadla xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş və sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
MHP nümayəndələri Şuşada məktəb tikmək üçün Azərbaycana gəldi - VİDEO
Nazir 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin həmrəylik və mənəvi dəstəyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
O, tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin sözdə deyil, əməldə “bir millət iki dövlət” olduğunun növbəti dəfə bariz şəkildə nümayiş olunduğunu söyləyib.
Birol Akgün nazir Ceyhun Bayramova təşəkkürünü bildirib.
O, ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək, qələbə xəbərinin yüksək sevinclə qarşılandığın deyib və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib.
B.Akgün iki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirib.
O, müharibədən sonrakı quruculuq və inkişaf dövrünə istinad edərək, bu xüsusda təhsil sahəsinin önəmini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin gələcəkdə inkişaf etdirilməsi məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını bildirib.
Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.
Bizim.Media