“Xomeneyi “qarayaxalılar”la son görüşündə yeni mesaj verib”.
Bunu Bizim.Media-ya açıqlamasında Güneyli fəal Həsən Kərimzadə söyləyib.
O, bildirib ki, “qarayaxalı”lar molla-fars rejimin əsas dayaqlarıdır:
“Bu adamlar mülki formada gəzsələr də onların pencəklərinin yaxası qara olur. Onlar çox böyük imtiyaz və səlahiyyət sahibləridir. Rejimin İranda və xaricdə törətdiyi bütün terrorlar məhz bu “qarayaxalılar”ın əliylə reallaşır.
MÖVZU İLƏ BAĞLI:
İranda nə baş verir - Etiraz, yoxsa inqilab?
Mütəmadi olaraq dövlətin ən ali qurumlarında bu “qarayaxalılar”la görüşlər keçirilir. “Qarayaxalılar”la son görüşdə dini lider Qafqazla bağlı hədəflərini açıqlayıb. Bildirib ki, “Qoçun yolu Bakıdan keçir””.
Həsən Kərimzadə bu mesajın mahiyyətini belə açıqladı:
“Bir zamanlar deyirlərdi ki, “Qüdsün yolu Kərbəladan keçir”. Yəni biz əvvəla Kərbəlanı alacağıq, sonra Qüdsə yüyürəcəyik. Qüdsü farslar şərti olaraq “qoç” adlandırırlar. SSRİ dağılanda İran istədi ki, Qafqazı öz ərazilərinə qata. Lakin, son 30 ildə buna nail olmasa da xülyasından əl çəkməyib. Molla-fars rejimi niyyətinə çatmadığı üçün çalışır ki, Qafqazı uzun sürən müharibə meydanına çevirsin. Ona görə də ötən illərdə İran bir qayda olaraq Ermənistanı Azərbaycanla müharibəyə təhrik edib. Üstəlik, Azərbaycanda “hizbullah”çıların yetişdirilməsinə çalışıb hər zaman”.
Güneyli soydaşımız onu da qeyd etdi ki, bir zamanlar Həqiqətpur var idi:
“O Azərbaycanda “Hizbullahın” əsas siması sayılırdı. Amma Ümummilli lider Heydər Əliyev o zaman bu şeytan şəbəkəsini darmadağın etdi. Lakin, fars-molla rejimi Azərbaycana yeni qüvvələr səfərbər elədi. Çox şükür ki, onların bu dəfəki niyyətləri baş tutmadı. Elə Azərbaycan MTX-nin keçirdiyi son əməliyyatda bunun sübutudur.
Bununla belə molla-fars rejimi öz xain niyyətindən əl çəkmir. Ona görə də “Qüdsün yolu Bakıdan keçir” tezisini yenidən ortaya atıblar”.
Həsən Kərimzadə İranın bu dəfəki istəyi onun bir dövlət kimi sonunu gətirəcəyinə əmin olduğunu söylədi:
“Çünki, bütün dünya azərbaycanlılarının prezidenti İlham Əliyevin son bəyanatı Güneydəki 40 milyon, dünyadakı 60 milyon azərbaycanlını müsəlləh əsgərə çevirib. Bu gün dünya azərbaycanlıları çox gözəl bilir ki, Turanın yolu Zəngəzurdan, Təbrizdən keçir. Biz bu arzumuza çatan gün molla-fars rejiminin də Qüds istəyi əbədiyyən tarixə gömüləcək”.
Surxay Atakişiyev, Bizim.Media