Xəbər verildiyi kimi, Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin aktiv fazası başlayıb.
Təlimin ssenarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər. Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi rəsmi İrəvanda təşvişlə qarşılanıb.
Polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizim.Media-ya açıqlamasında Qars şəhərində keçirilən təlimlərin əhəmiyyətindən söz açıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə-Azərbaycan birgə təlimlərdən yeni görüntülər - VİDEO
O, Azərbaycanın böyük qələbəsindən sonra təşkil olunan bu təlimlərin xüsusi önəm daşıdığını qeyd edib:
“Hər il Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində planlar hazırlanır. Birgə fəaliyyət planında nəzərdə tutulan bu təlimlər bir illikdir. Artıq dünəndən etibarən Qarsda həmin fəaliyyət planına uyğun olaraq təlimlərə başlanıb.
Bu təlimlər qarşıda qoyulan hədəflərə birgə nail olmaq, qoyulan tapşırıqları yerinə yetirmək və döyüş hazırlığının yüksəlməsinə xidmət edir.
Qışın sərt keçdiyi və relyefin kəskin dəyişdiyi bir ərazidə bu təlimlərin keçirilməsi, Azərbaycan bölmələrinin praktik tapşırıqları yerinə yetirməsi, həmçinin böyük təcrübə qazanması böyük əhəmiyyət daşıyır.
Bu, Vətən müharibəsindəki qələbəmizdən və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra ilk təlimdir”.
Ekspert müharibədə iştirak edən hərbçilərimizin bu təlimlərə daha yüksək əhval-ruhiyyə ilə qatıldıqlarını deyib:
“Müharibədən əvvəl beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz hardasa daxili gərginlik keçirirdilər. Şükürlər olsun ki, Ali Baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın şanlı ordusu zəfər qazandı və qalib ordunun nümayəndələri böyük qürurla bu təlimlərdə iştirak edir.
Hesab edirəm ki, ordumuzun bölmələri təlimlərdə qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, qarşıda qoyulan bütün hədəflərə nail olacaq və oradan daha peşəkar ordu nümayəndələri kimi vətənə qayıdacaqlar”.
Ermənilərin Türkiyədəki təlimlərdən əsl qorxuya düşmələrinə gəlincə, Şair Ramaldanov bunu Ermənistanda revanşist qüvvələrin aktivləşməsi ilə əlaqələndirib:
“Ermənistanda qadınların təlimlərə göndərilməsi, bu kimi addımların atılması daxildə divident qazanmaq və öz reytinqlərini yüksəltmək xarakteri daşıyır. Müharibəyə qədər də onlar belə addımları ilə gündəmə gəlirdilər.
Paşinyanın arvadının və digər qadınların batalyonu, sözdə müharibəyə hazırlaşırdılar. Bütün bunlar piardan başqa bir şey deyil. Ermənistanın bugünkü vəziyyətini bilirik və onlar bu durumdan illər boyu çıxmayacaqlar.
Ölkə başçısının bu günlərdə dediyi “ermənilər artıq biz tərəfə baxmağa da qorxacaqlar” fikri təsadüfi deyil. İstər Azərbaycan, istərsə də Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur.
Biz öz hərbi əməkdaşlığımızı və döyüş hazırlığımızı yüksəldirik. Ermənilər gərək özlərindən qorxsunlar. Çünki onların özlərindən başqa düşməni yoxdur.
Ermənistanın apardığı siyasət, tutduğu mövqe, qonşulara olan münasibəti bunu deməyə əsas verir. Elə bir ərazi və ya ölkə yoxdur ki, Ermənistan ora iddia etməsin. Onlar bu yanaşma və siyasətlə öz cəmiyyətlərini yalnış istiqamətə sürükləyəcəklər”.
Qeyd edək ki, təlimlər fevral ayının 1-dən 12-dək keçiriləcək. “Qış təlimi-2021”də Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə yanaşı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.
Alçina Amilqızı, Bizim.Media