Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib.
Dövlət başçısının çıxışı bir sıra önəmli mesajlarla yadda qalıb.
Bizim.Media Prezidentin çıxışından bəzi mühüm məqamları təqdim edir:
1.Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.
2. Bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik.
3. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “KTMT-də bizim dostlarımız Ermənistanınkından daha çoxdur”
4. Biz yoxsulluğu əhəmiyyətli dərəcədə azalda bilmişik. Hətta pandemiya dövründə yoxsulluq bir qədər artsa da postpandemiya dövründə görülmüş işlər nəticəsində minimum əməkhaqqının, pensiyanın minimum məbləğinin müntəzəm olaraq artırılması nəticəsində yoxsulluğu da biz təqribən 5 faiz ətrafında saxlayırıq. Bu da dünya miqyasında çox gözəl göstəricidir.
5. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir.
Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.
6. Bizim üstünlüyümüz, əlbəttə, ondadır ki, təbii sərvətlərimiz var. Amma o qədər ölkələr var ki, onların təbii sərvətləri bizimkindən qat-qat çoxdur. Lakin, - mən heç kimlə müqayisə aparmaq istəmirəm, - o sərvətlərdən bütünmü ölkələr səmərəli şəkildə istifadə edir? Əlbəttə ki, yox.
7. Geosiyasi imkanlarımız artdıqca ölkə maraqları daha da dolğun şəkildə təmin edilir, müxtəlif qitələrdə bizim dostlarımızın sayı artır.
8. Ermənistan bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu təşkilat xətti ilə Azərbaycana qarşı əsassız iddia qaldırmaq fikrində idi, faktiki olaraq bu təşkilata üzv olan ölkələri Azərbaycanla üz-üzə qoymaq istəyirdi.
Bu, böyük təxribatdır və böyük cinayətdir. Ancaq bu təşkilatın digər üzvləri bu təxribata getmədilər. Bəziləri isə öz çıxışlarında Ermənistanı elə günə qoydular ki, Ermənistanda bu günə qədər də bunu yaddan çıxara bilmirlər. Yəni, bu, nəyi göstərir? Bu təşkilatda bizim dostlarımız Ermənistanınkından daha çoxdur.
9. Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı.
Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir. Onlar bir-birinə “bacı” deyirlər və mən görürəm, yoldaşlar da bunu xüsusi qeyd etdilər. Mən daha demədim ki, “qardaş” da deyə bilərdilər, amma nədənsə bunlar “bacı” deyirlər.
Orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezislər üzərində qurulmuşdur və həqiqətə tam zidd idi. Frankofoniya təşkilatında olan dostlarımızın, - onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, - səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı.
10. İndi isə qurub-yaradırıq, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!
Bizim.Media