“Cənab İlham Əliyevin Əlcəzairdə təşkil olunan Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət olunması əvvəla, ölkəmizə və Prezidentimizə olan sayğının təzahürüdür. Dövlət başçısı həm də BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir və ölkəmizin nüfusu günbəgün durmadan artır. Hal-hazırda Cənab Prezident dünyada xüsusi çəkiyə malik olan dövlət başçılarından biridir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliamı dünya unutmamalıdır” – VİDEO
Belə ki, Prezidentin Əlcəzairə səfərini şərh edən deputat qeyd edib ki, İlham Əliyev bir sıra önəmli mesajlar verib:
“Dövlət başçısı zirvə toplantısındakı çıxışında Ərəb dövlətlərinin Azərbaycan vacib dəstəyini xatırladaraq, ölkəmizin də onlara dəstəyini ifadə etdi. Eyni zamanda Ermənistanın şəhərlərimizin 30 illik işğal dönəmində az ala tamamilə yer üzünüdən silindiyini bildirərək, beynəlxaq təşkilatların, böyük dövlətlərin bu məsələyə susqunluğundan bəhs etdi. Prezident bu mənada Əlcəzairlə paralel apararaq qeyd etdi ki, Fransa tərəfindən bu ölkə də soyqırıma məruz qalıb, 1 milyondan çox insan qətlə yetirilib. Bu, təbii ki, dünyaya utanc gətirən bir faktdır.
Ona görə də biz gələcəkdə bu cür halların baş verməməsi üçün səylərimizi birləşdirməliyik. Azərbaycan da Əlcəzair kimi həm soyqırımı, həm işğal, həm də mina problemindən əziyyət çəkib.
Eyni zamanda Prezident işğaldan azad olunmuş ərazilərdə öz gücümüzlə yenidən qurma və bərpa işlərini həyata keçirdiyimizi də vurğuladı. Təəssüf ki, hələ də donor təşkilatlar, dövlətlər bu məsələdə seyirci mövqeyində qalıblar”.
Vüqar İskəndərov əlavə edib ki, Prezidentimizin Əlcəzairə səfəri yüksək qiymətləndirilməlidir.
Deputatın fikrincə, ilk dəfə baş tutan bu səfər Azərbaycanla Əlcəzair arasında ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayacaq.
Murad Əhmədov, Bizim.Media