Dağlıq Qarabağda müharibə iki ay bundan əvvəl başa çatıb, lakin onun nəticələri hələ uzun müddət mübahisə və müzakirə mövzusu olacaq.
Üstəlik, hadisələrin çoxsaylı şahidləri ictimaiyyəti onların yaşadıqları təfərrüatları ilə tanış etməyə davam edirlər. Onlardan biri Xankəndidə və Qarabağın digər şəhərlərində hərbi əməliyyatların qızğın çağında işləmiş İspan jurnalist Pablo Qonzales idi.
Onun üçün bu, postsovet məkanında ilk silahlı münaqişə deyil — reportyor Donbassda döyüşlər başlayandan sonra orada olub.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan mətbuatındakı müharibə istəklərinin pərdə arxası MƏQAMLARI
Bizim.Media xəbər verir ki, Qonzales bu haqda "lenta.ru" saytına müsahibə verib.
O, Qarabağda az qala öləcəyini, yaralanmış həmkarlarını atəş altından çıxartdığını, hərbi əməliyyatlar zonasında işləmək imkanının qarşılığında ona rəhbərliyin hansı şərtlər irəli sürdüyünü xatırladıb:
“Mən Qarabağda İspaniyanın EFE informasiya agentliyi, baskların Gara qəzeti, Voice of America, bir neçə Polşa nəşri və Latın Amerikası televiziyası üçün materiallar hazırlayırdım. Bu, mənim qaynar nöqtədə ilk iş təcrübəm deyil: Ukraynada çiyin-çiyinə müharibə aparmışam, cəbhənin hər iki tərəfində işləmişəm. Mən Qarabağda üç həftə vaxt keçirdim, döyüş yerlərinə müstəqil surətdə və orada məskunlaşan ermənilərlə birlikdə çıxırdım.
Region mənə tanışdır: 2013 və 2019-cu illərdə futbol üzrə tanınmamış dövlətlər arasında çempionatda olmuşam. Mən nə üçün hadisələri məhz tanınmamış Dağlıq Qarabağ Respublikası tərəfindən işıqlandırmışam? Münaqişənin hər iki tərəfinə fəaliyyət göstərmək üçün məktub yazdım.
Azərbaycandan cavab gəlmədi (dəfələrlə qondarma rejimə səyahət edən bir jurnalistə rəsmi Bakı necə icazə verə bilər). Aydın oldu ki, səfər çox uzun müddət razılaşdırılacaq. Amma Ermənistandan bir neçə saat sonra cavab gəldi, nəqliyyatla təmin etməyi və koronavirus üçün test etməyi vəd etdilər. Seçim aydın idi.
Varşavada ezamiyyətdə olarkən müharibə haqda xəbər aldım və dərhal ora getmək qərarına gəldim.
Elə alındı ki, Qarabağa ləvazimatsız gəldim: zirehli jilet, kaska və lazımi paltar dəsti evdə, İspaniyada qaldı, onların arxasınca getməyə vaxt olmadı.
Məni mənzillə təmin etməyə söz verdilər, amma nədənsə bu, baş vermədi, buna görə də bir neçə atəş altında işləməli oldum, onların birində az qala həlak olacaqdım. İspaniyadakı erməni diasporuna müraciət etdim ki, mənə geyim versinlər.
Bununla yanaşı, oxucularım da yerində çox kömək etdi. Müharibənin başlanğıcında heç bir əlaqə yox idi və texniki cəhətdən erməni nömrəsinə necə pul qoymağı bilmirdim.
Daha sonra sosial şəbəkələrdə kömək üçün post yerləşdirə bildim və hesabı dərhal tanış olan ermənilər doldurdular. Mən xərcləri ödəmək təklifini irəli sürdüm, çünki konkret bir adamdan beş-on avro almaq düzgün deyildi. Lakin onlar qəti şəkildə imtina etdilər...
Dağlıq Qarabağın “paytaxtı” hesab edilən Xankəndidəki hərbi obyektlər ilk gündən yaylım atəşi ilə “Smerç” raket sistemlərindən və kasset bombaları ilə atəşə tutulub.
Mən bir neçə dəfə atəşin altına düşdüm. Bu haqda şəkilləri sosial şəbəkələrdə dərc etmişəm.
Ən güclü təəssüratı Xocavənd (Martuni) şəhərində almışam. Bu, Fransanın “Le Monde” qəzetinin jurnalistlərini yaraladığı gün idi. Mərmi düşəndə onlardan 40 metr məsafədə idim. Biz onların köməyinə ilk olaraq gəldik: Ermənistandan olan iki oğlan, Moskvadan gəlmiş jurnalist Yevgeni Butman, Le Figaro qəzetindən olan fransız və mən təcili olaraq yaralıları maşına qoyduq və xəstəxanaya apardıq.
Onlardan biri çox ağır yaralanmışdı, bütün maşın qanla dolu idi, hələ ayağı da sınmışdı. Biz qorxurduq ki, xəstəxanaya çatmayacağıq.
O atəş " Qrad”larla gəlirdi, şəhərin mərkəzindəki hərbi obyektlərə 40 raket buraxıldı, o günlərdə Xocavənd cəbhə xəttindən beş-altı kilometr məsafədə idi. Həmin vaxt üç yerli sakin həlak oldu: polis işçisi, meriya işçisi və bir naməlum şəxs.
Ümumiyyətlə, demək lazımdır ki, bu müharibədə doxsanıncı illərlə müqayisədə o qədər də çox dinc əhali həlak olmayıb. Xüsusilə evakuasiya yaxşı təşkil edildi. Döyüşlərin başlanmasından iki-üç həftə sonra bölgədən mülki şəxslərin təxminən 70 faizini çıxarıldı. Qondarma rejimin ombudsmanı Artak Bəyləryan da yaxşı iş görüb. İnsanlar hər zaman zirzəmilərdə oturub.
Hər halda, azərbaycanlılar konkret hədəflərə — məsələn, hava hücumundan müdafiə sistemlərinə vurmağa çalışıblar.
Şəhər bombalandıqda, məqsədyönlü şəkildə mülki obyektlər, o cümlədən dinc insanların böyük bir kütləsi olan mehmanxanalar və yerlərə toxunulmayıb. Hətta prezident sarayına da atəş açmırdılar, baxmayaraq ki, ora düşmək çox asan idi. Bina yaxşı vəziyyətdə qalıb.
Amma bu atəşlərin intensivliyi Xankəndidən dəfələrlə çox olmuş Donetsk ilə müqayisə oluna bilməz.
Burada nə baş verdiyini deyə bilmərəm. Bəli, Ağdərədə nəticələr dəhşətli idi, Azərbaycanın Su-25 təyyarələrindən bombalar atılırdı, amma heç kimə sirr deyil ki, şəhərin özündən erməni artilleriyası cavab verirdi və ona görə də azərbaycanlılar ora atırdı.
Qondarma “Dağlıq Qarabağ Respublikası” Müdafiə Nazirliyinin mətbuat xidmətinə bir neçə sualım var. Onlar işləyə bilmirdilər, jurnalistlərlə savadsızcasına qarşılıqlı fəaliyyət göstərirdilər.
Çox savadsız senzura cəhdləri var idi. Yəqin ki, bu, yaxşı motivlərdən ibarət idi, amma nəticədə bu, onlarda alınmadı.
Məsələn, cəbhə xəttinə yaxın yerdə bizə darmadağın edilmiş erməni texnikasını çəkməyi qadağan edirdilər. Bunun səbəbini bilmirdik. Bir dəfə hava limanında hansısa dronun qalıqlarını çəkməyə qoymadılar. O vaxt mən rəhbərliyə müraciət edirdim ki, guya siz azərbaycanlıların peykdən real vaxtda şəkillər ala bilməyəcəyini düşünürsünüz?
Başa düşürəm, elə hallar var ki, məhdudiyyətlər lazımdır. Məsələn, şəhərlər atəşə tutulur və şəbəkəyə yerləşdirilən görüntülər bombardman nəticələrini digər tərəfə açıqlaya bilər.
Teorik olaraq, şəkildəki tüstü sütunu atəşləri təkrarlaya bilər və qeyri-ixtiyari olaraq sən dəqiq yer göstərirsən.
Ona görə də mən belə kadrları daha sonra dərc etmişəm, yaxud elə tüstü sütunlarını çəkmişəm ki, torpaq görünməsin. Amma elə jurnalistlər var idi ki, onların vecinə deyildi, reportaj edirdilər və tez çıxıb gedirdilər. Buna görə də ciddi münaqişələr meydana çıxırdı.
Hələ də ölən əsgərlərin çəkilişinə dair bir senzura var idi, amma bunu da başa düşə bilərəm. Mən özüm də ölülərin şəkillərini dərc etmirəm, əgər bu barədə heç bir məlumat ehtiyacı yoxdursa, etnik zəmində heç kəsə nifrətim yoxdur. Hətta bu cür qadağalar da sonda erməni tərəfinin maraqlarına uyğun gəlmədi.
Təəssüf ki, cəmiyyətin müharibəyə necə reaksiya verdiyini başa düşürəm. 2014-cü ildə Kiyevdə ölkənin şərqində baş verənlər heç kəsin vecinə deyildi, İrəvanda isə insanlar buna daha ehtiyatlı yanaşırdılar.
Əgər cəmiyyət cəbhədəki real vəziyyəti dərk etsəydi, müharibədə real nəyin baş verdiyini bilsəydilər, bəlkə də ermənilər öz hökmdarlarını başqa cür hərəkət etməyə məcbur edərdilər.
Jurnalistikanın gücü də elə bundadır, amma senzura olduğu üçün bu, baş vermədi.
Necə mühakimə edə bilərəm ki, səfərbərlik elan etdilər, nəticədə də aparmadılar. Çox işlər görülürdü. İnsanlar nədənsə 2020-ci ilin yayında, Ermənistan-Azərbaycan sərhədində xırda toqquşmalar baş verəndə hər şeyin olacağını gözləyirdilər. Amma aydın idi ki, hətta Türkiyə faktorunu nəzərə almadan belə, Ermənistan hələ o vaxt müharibə üçün bütün qüvvə və imkanları cəmləşdirməli idi.
Mənim fikrimcə, bu, həyata keçirilməyib. Mən 2019-cu ildə Qarabağ və Azərbaycan sərhədində fortifikasiya xətlərinə baş çəkmişəm.
Çox işlər görülürdü, yeni istehkamlar qurulurdu. Ağır artilleriya istisna olmaqla, onları heç bir dron məhv edə bilməzdi. İlk günlər bu xətt dayandı və hər şeyin yaxşı olacağını düşünürdülər. Amma sonra insanlar çatışmadı...
Bölgəyə tez-tez Ermənistandan "qonaqlar" gəlirdi, onları Xankəndidə görmək mümkün idi. Bunlar bir növ səyahətlər idi: hər şey bahalı maşınlarda (bəzən hətta Rusiya nömrələri ilə), kimsə hətta onları çox şık bir kamuflyajda boyayırdı.
Getdik, gördük və Ermənistana qayıtdıq.
Onlar öz vətəndaşlıq mövqeyini göstərmək istəyən insanlardır, amma döyüşmək üçün heç bir arzuları yox idi. Erməni tərəfinin hərbi keyfiyyətləri, yumşaq desək, yaxşılaşmayıb. Mən heç kəsi mühakimə etməyəcəyəm — kimsə humanitar yardım gətirirdi, ancaq cəbhə xəttinə, səngərlərə və istehkamlara çatmırdılar.
Əlbəttə ki, məğlubiyyət amillərin məcmusudur. Təşkilati məsələlər pis həll edilmişdi. Elə təəssürat yaranmışdı ki, bütün qarışıqlıq yuxarıdan gəlirdi. Göründüyü kimi qərar qəbul etmək üçün iradə yox idi. Münaqişənin başlanmasından bəri erməni cəmiyyətinin görkəmli fiqurları bir sıra məqamlar üzrə tənqidi fikirlər səsləndiriblər: Səfərbərlik, Logistika uğursuzluğu, çoxlarına cəbhəyə getməyə heç də imkan vermirdilər.
Mən qeyd etdim ki, buna görə bəzi kişilər əvvəllər xidmət etdikləri hissələrə özləri gedirdilər.
Onlar heç kimdən soruşmurdular, gəlib müharibəyə qoşulmaq istəyirdilər. Amma hər kəs bunu açıq-aydın edə bilmirdi. O vaxta qədər ki, komandanlıq cəbhənin sabit hissələrindən döyüş qabiliyyətli hissələri çəkmədi, cənub istiqamətində Azərbaycan hücumunun getdiyi vaxt onlar, sadəcə, dayanırdılar.
Heç kəs Şuşanın müdafiəsini lazımi səviyyədə təşkil etməyib. Onu necə itirdilər - bu, sadəcə, ağlasığmazdır! Mən bunu anlaya bilmirəm. Şuşa Xankəndinə birbaşa hücum üçün imkan yaradan Dağlıq Qarabağın əsas şəhəridir.
Son müharibə zamanı Şuşa uğrunda döyüşlər bir neçə gün davam etmiş və Azərbaycanın qələbəsi ilə başa çatmışdır.
Mən şəxsi vəziyyətimlə bağlı müharibənin ortasında Qarabağdan getdim. İrəvanda Nikol Paşinyandan müsahibə götürüb təyyarə ilə uçdm. İndi yenə oraya gedirəm. Siyasi vəziyyətə bir baxış edəcəm, qaçqınların geri qaytarılması və cəbhə xəttində vəziyyətin necə olduğunu öyrənəcəyəm. Deyirlər ki, sülhməramlılar öz mətbuat turlarını təşkil edirlər, amma guya oraya xarici jurnalistləri götürmürlər. Zənnimcə, bunsuz da işləyə biləcəyəm.
Mənim hər iki tərəfdən tanışlarla normal münasibətlərim qalıb. Müharibə zamanı münaqişə zonasından, o cümlədən Azərbaycandan olan ekspertlərdən birbaşa onlayn müsahibələrim olub.
Mən paltarımın üzərində Qarabağın "dövlət" simvollarının və ya rus imperator ordusunun fərqlənmə nişanlarını qoymamışdım. Ancaq bəzi həmkarlarım belə hərəkət edirdilər, hərçənd jurnalist etikasına görə bu, sadəcə düzgün deyildi, belə etmək olmaz!”.
Babək Göyüş, Bizim.Media