Cənublu gənclərin çağırışlarına PARTİYALARDAN CAVAB – “Siyasi cəhətdən qeyri-mümkündür”

Cənublu gənclərin çağırışlarına PARTİYALARDAN CAVAB – “Siyasi cəhətdən qeyri-mümkündür”

Hazırda oxunan: Cənublu gənclərin çağırışlarına PARTİYALARDAN CAVAB – “Siyasi cəhətdən qeyri-mümkündür”

102286

Xəbər verdiyimiz kimi, Cənubi Azərbaycandan olan siyasi fəal Həsən Kərimzadə redaksiyamıza müraciət edərək, Azərbaycandakı siyasi partiya və din xadimlərindən bir sıra məsələlərdə dəstək gözlədiklərini qeyd edib.

Təkliflərdən biri, siyasi partiyaların bir araya toplanaraq, etirazlarda həyatını itirən soydaşlarımızın xatirəsinin yad etməsi olub. 

Digər bir təklif isə Azərbaycan din xadimlərinin fars mollalarının şiəlikdən öz məqsədləri üçün istifadəsinə etiraz səslərini qaldırması olub.
Bəs, güneydən gələn çağırışa quzeydə mövqe necədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd edib ki, partiyanın Güney Azərbaycan Departamenti bu istiqamətdə 2002-ci ildən aktiv fəaliyyətlə məşğuldur:

“Eyni zamanda “Dirçəliş” qəzetinin nəzdində də bu istiqamətdə işlər görüb, Güney Azərbaycanda yayırdıq. Bundan əlavə, departamentin nəzdində Əlirza Amanbəyli müxtəlif tərdbirlər keçirib. Güneyli fəalın təklifini də müsbət qarşılayıram. Hesab edirəm ki, bu da mümkün variantlardan biridir. Lakin partiyalar bir araya gəlmədən, ayrılıqda da məsələyə münasibət bildirə bilərlər.

Mənim yanaşmam budur ki, quzeydəki partiyalar güney məsələsini hər zaman diqqətdə saxlamalıdırlar. Məsələn, adlarını dəyişib, “Quzey Azərbaycan” qoymalıdırlar, yaxud da “Bütöv Azərbaycan” adı ilə güneylə qarışmalıdırlar. Biz ona görə partiyamızın nəzdində Borçalı, Güney Azərbaycan, Şimal departamentini yaratmışıq.

Fəalın təklifindən əlavə, dövlət səviyyəsində də müəyyən işlər görülməlidir. Məsələn, sabah Güney Azərbaycan azadlığına qovuşarsa, kadr potensialını qaydaya salmaq üçün indidən müəllimlər, mühəndislər hazırlana bilər”. 
Fərəc Quliyev fəalın çağırışlarını nəzərə alıb, başqa partiyalarla bu istiqamətdə məsləhətləşmələrin aparılacağını da diqqətə çatdırıb.

“Lakin istənilən halda partiyaların mütəmadi olaraq bu məsələni diqqətdə saxlamağı mənəvi dəstək olar”, - deyə partiya sədri əlavə edib.

İlahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan güneyli fəalların din adı altında buxovlandıqlarını qeyd edib:

“Burada, təbii ki, əsl dindən yox, farsların qondardığı məzhəbçilikdən söhbət gedir. Biz isə sanki həmin buxovu kənara qoyub, başqa məsələlərdən danışırıq. Amma istənilən halda fəal haqlıdır. Bizim din xadimlərimizin şiəliyi fars ilahiyyatçılarına izah etməməsinin isə bir neçə səbəbi var. 

Birincisi, İranı idarə edən fars-molla rejimi həmin “dini” bizə də siraət etdirib. Yəni dindar və ruhanilərin böyük əksəriyyəti İran müctəhidlərini təqlid edən kəsimdir. Müstəqil din xadimlərinə isə bu təbliğatın nəticəsində lazımi imkan verilməyib. 

Lakin istənilən halda müstəqil din xadimlərimiz var. Onlar əsl şiəliyin nə olduğunu ortaya qoymalıdırlar ki, cənublu soydaşlarımıza da mənəvi dəstək olsun. Çünki farslar şiəliyi elə bir formaya salıblar ki, insanlar nəinki ondan, hətta dindən də soyuyublar. Ona görə də, din xadimlərimizin bu məsələyə toxunmasını vacib sayıram. 
İkinci məqamsa ondan ibarətdir ki, bizim din xadimlərimiz hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərirlər. Dövlət qurumlarında çalışan əməkdaşların isə siyasi mövqe sərgiləməsi qeyri-mümkündür. Əgər onlara da “yaşıl işıq” yandırılarsa, bu məsələdə fəal iştirak edəcək kifayət qədər müstəqil din xadimlərimiz var”.

Tural İrfan efirlərdə həqiqi İslamı, şiəliyi tanıdacaq milli din xadimlərinə imkan yaradılmamasını da vacib problem kimi vurğulayıb.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO