Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə,çıxışında hazırda regionda mövcud olan vəziyyət barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Azərbaycan erməni işğalından azad edilmiş ərazilərində fəal şəkildə genişmiqyaslı quruculuq və yenidənqurma işləri aparır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bizim milli ideyamızdır. Yeni şəhərlər, kəndlər salınır, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.
Öz çıxışında Milli Məclisin sədri qeyd edib ki, Ermənistan tərəfindən basdırılan minalar hələ də bərpa işlərində ən böyük problemlərdən biridir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra iki il ərzində mina partlayışları nəticəsində 260-dan çox Azərbaycan vətəndaşının həlak olduğunu və ağır yaralandığını deyən Milli Məclisin sədrinin sözlərinə görə, bu minalar Ermənistan tərəfindən həm işğal illərində, həm də müharibədən sonra, 2021-ci ildə basdırılıb.
Milli Məclisin sədri daha sonra 30 ildir işğalın qurbanı olmasına baxmayaraq, məhz Azərbaycanın beynəlxalq hüququn hamılıqla tanınmış 5 prinsipi əsasında Ermənistana sülh təklif etdiyini diqqətə çatdırıb:
“Son zamanlarda iki ölkənin rəhbərləri, xarici işlər nazirləri, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın baş tutmuş görüşləri və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan görüşlər sülh prosesi ilə bağlı müəyyən nikbinlik yaradır.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb”.
Spiker ümidvar olduğunu bildirib ki, Ermənistan siyasi iradə nümayiş etdirəcək, bu prosesi gecikdirməyəcək və sülh sazişinin imzalanması üçün real addımlar atacaq.
Bura 2020-ci ilin 10 noyabr tarixli Üçtərəfli Bəyannamənin bütün bəndlərinin həyata keçirilməsi, o cümlədən Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz gediş-gəlişin təmin edilməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılması da daxildir.
Spiker sonda bildirib ki, sülh sazişinin imzalanması regionda sülh, sabitlik və firavanlığa nail olmağın yeganə yoludur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:59 / 28.10.2022
“Sülh sazişinin imzalanması regionda sabitliyin yeganə yoludur” – Sahibə Qafarova - FOTO
Hazırda oxunan: “Sülh sazişinin imzalanması regionda sabitliyin yeganə yoludur” – Sahibə Qafarova - FOTO
Hazırda oxunan: “Sülh sazişinin imzalanması regionda sabitliyin yeganə yoludur” – Sahibə Qafarova - FOTO
101692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.