Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki il öncə dərc etdiyi hesabatda deyilir ki, palma yağından istifadə piylənməyə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır.
Azərbaycan əhalisinin də bir qisminin bu yağdan istifadəsini nəzərə alsaq, onun ziyanları ilə bağlı mütəxəssislər tərəfindən edilən həyəcan təbilini göz ardı edə bilmərik.
Xatırladaq ki, bu yağın əsas istehsalı əsasən Hindistan, Malaziya və İndoneziyada həyata keçirilir və bir çox ölkələrə idxal olunur, lakin ondan imtina edən ölkələr də az deyil. İlk olaraq bu yağın idxalını Fransa qadağan edib.
MÖVZU İLƏ BAĞLI:
İnfarktın qurbanı olmamaq üçün bu əlamətlərə DİQQƏT!
İdxalı dayandıran ölkələr arasında Danimarka, Litva və İtaliya da yer alır. 2023-cü ildə isə Avropa İttifaqına daxil olan digər ölkələr də palma yağının idxalını tamamilə dayandıracaqlar.
Azərbaycan isə bu yağın idxalını qadağan edə bilmir. Təkcə ötən il 55 milyon dollarlıq palma yağı idxal olunub.
Bunun səbəbi nədir? Niyə ölkəmiz onun idxalının qarşısını almır. Mövzunu ekspert Vahid Məhərrəmovla davam etdirdik.
O, Bizim.Media-ya açıqlamasında ölkə olaraq yağ təlabatımızı ödəyə bilmədiyimizi dedi:
“Ona görə də yağ, pendir, xama, süd məhsullarında da palma yağından istifadə olunur. Siz təsəvvür edin ki, 1 kq kərə yağı almaq üçün 25 litrə yaxın təbii inək südü lazımdır. Ölkədə kərə yağı əhalinin 1/3-nin tələbatını ödəyə bilir".
"Azərbaycanda təxminən 25 min tona yaxın kərə yağı istehsal edilir. Bu rəqəm 75 min ton olmalıdır. Nazirlər Kabinetinin müəyyən etdiyi istehlak səbətində adambaşına ildə 7.7 kq kərə yağı düşür. Biz kərə yağı istehsalında geri qalırıq".
"Azərbaycan tələbatının yarısı qədər süd istehsal edə bilmir. Ümumdünya Ticarət Təşkilatı Azərbaycan üçün müəyyən edib ki, 4 milyon ton süd istehsal etməlidir. Ölkəmiz isə 2 milyon ton süd ərsəyə gətirir. Adambaşına il ərzində 405 kq süd, kərə yağı pendir və digə süd məhsulları düşməlidir. Lakin biz bu ehtiyacımızı qarşılaya bilmirik”.
Ekspert bildirdi ki, ölkəyə gətirilən palma yağı satışda yoxdur:
“Əsasən emal müəssisələri bu yağdan istifadə edir. Palma yağı kəsmik, xama, dondurmada yağlılığı artırmaq üçün lazım olur. Əlbəttə ki, bu, yolverilməzdir. İstehsalçılar aldadılır. Bu qidaların hər birinin tərkibində təbii məhsullar olmalıdır. Qablaşdırmasında isə tərkibi açıq-aydın qeyd edilməlidir".
"Palma yağı sözünü elə yazırlar ki, istehsalçıların bundan xəbəri belə olmur. Palma yağı insanlarda aslılıq yaradır. Təəssüflər olsun ki, biz palma yağının mənşəyini təhlil edə bilmədyimiz üçün deyə bilmirik ki, ziyanlıdır, ölkəyə idxalı dayandırılsın".
"Bunun üçün xüsusi laboratoriya, tədqiqatçılar olmalıdır. Palma yağı ucuz başa gəldiyi üçün istifadə olunur. Yağ tələb olunan qidaları heç kim kərə yağı ilə hazırlamır”.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin də münasibətini öyrəndik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur:
“Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlarda bu yağlardan istifadə olunur. Ümumiyyətlə, palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir".
"Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə müştərilərə təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur”.
Qida üzrə mütəxəssis Şəhla Hüseynovanın fikri isə belədir, alıcılar adi selofanlara bükülüb satılan yağları almamalıdırlar, çünki bu yağların mənşəyi bilinmir:
“İstehlakçının tam haqqıdır ki, məhsulunun sertifikatını tələb etsin”.
Həkim Mətanət Nəcəfova hesab edir ki, bu tip yağlar piylənməni artırır, artıq çəki problemi yaradır:
“Orqanizmin lipit spektorunu artıra bilir. Trans yağların həzmi çətin olur. Bu tip yağlar mədəaltı vəzi yükləyə bilir. Mədəaltı vəzi ağırlaşdırdığı üçün köp və metarizm kimi xəstəliklərə səbəb olur. Bu yağın miqdarı çox olanda insanda həzm prosesi çox çətin gedir. Bundan başqa, xolistirin yüksəkliyi, ürək-damar, onurğanın qığırdaq toxumasının xəstəliklərini yaranmasına səbəb olur.
Tədqiqatlarda göstərilir ki, palma yağının orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib.
Sadəcə olaraq bu yağı da təyinatı üzrə istifadə etmək lazımdır. Beləki palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir.
Emal olunmuş yağ texniki məqsədlər üçün, yaxud da məişətdə istifadə olunur. Texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur. Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcədən artıq qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir.
Əgər texniki məqsədlər üçün nəzərdə tutulan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir.
Gülşanə Mustafayeva, Bizim.Media