Milli Qvardiyanın komandiri olmuş polkovnik Əzizağa Süleymanov 90-cı illlərin əvvəllərində ölkənin siyasi və hərbi aləmində baş vermiş bir sıra maraqlı olayların birbaşa iştirakçısı kimi bir müddətdir ki, saytımıza ilginc materiallar göndərir. Polkovnik indi də 93-cü ilin aprelin əvvəllərində Füzuli istiqamətində baş verən döyüşlər barədə xatirələrini Moderator.az vasitəsilə oxuculara təqdim edir. Çoxlarımızın bilmədiyi şok məqamlar və rüsvayçı epizodlarla zəngin bu materialın hər kəs üçün maraqlı olacağına şübhəmiz yoxdur”¦
(əvvəlini axtarış verməklə xəbər lentlərimizdən oxuya bilərsiniz)...Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin yerləşdirilməsi ücün kapitan Vəlimməmədova göstəriş vermişdim. Onların rahatlıqları üçün axşamdan şərait yaradılmışdı. İsti yeməklə təmin olunmuşdular. Onlara dincəlmək üçün icazə verildi. Rabitəçilər cəbhə xəttindəki qvardiyaçılarla əlaqə saxlayırdilar. Kapitan Vəlimməmədov gecə ikən səngərdə olan qvardiyaçılara isti yemək hazırlatdırıb aparmışdı. 6 aprel saat 8.40-da mən və polkovnik-leytenant Ənvər Mirzəyev Füzulidə briqada komandiri Murad Həmidovun qəbulunda olduq. Ənvər Mirzəyev döyüş bölgəsinə döyüşdə iştirak etmək üçün gəlmələri barədə briqada komandirinə məruzə etdi, ezamiyyət vərəqələrini ona təqdim etdi. Briqada komandiri ezamiyyət vərəqələrin qəbul edib, polkovnik-leytenant Mirzəyevə bildirdi ki, bu gündən sizin dəstə Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəyin sərancamı ilə döyüş bölgəsində mənim tabeçiliyimdədir. Mən və sizin rəhbərlik tərəfindən Füzuli bölgəsində Milli Qvardiyanin döyüşdə iştirak edən bütün şəxsi heyətinə rəhbərlik vəzifəsi baş leytenat Əzizağa Süleymanova həvalə edilib. Milli Qvardiya döyüşçüləri tərəfindən aparılan bütün döyüş əməliyyatına o rəhbərlik edəcək. Bu əmrdir. Mən ona bu gün keçiriləcək döyüş əməliyyatı barədə göstəriş vermişəm, o sizə izah edər. Tabeçiliyinizdə olan Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin buradakı şəxsi heyətinə mənim əmrimi çatdırın. Briqada komandiri Həmidov mənə göstəriş verdi ki, tabeçiliyimdə olan iki zirehli döyüş maşınını bu günki döyüşdə iştirak etmək üçün ekipajı ilə birlikdə briqada qərargah rəisinin sərəncamına göndərim, hücumda briqada tankları ilə birlikdə iştirak edəcəklər. Mən əmri icra etmək üçün kapitan Rüfət Vəliməmmədova göstəriş verdim. Polkovnik-leytenant Mirzəyevlə birlikdə Qvardiyanın qərargahına gəldik. Hiss etdim ki, briqada komandirinin göstərişi Ənvər müəllimə pis təsir edib. Ənvər müəllimin könlün almaq üçün onu qoluna girib bildirdim ki, Ənvər müəllim, mən sənin xətirini həmişə əziz tutmuşam və həmişə də əziz tutacam. Döyüşdə mən rəhbər təyin edilsəm də mənim üçün yenə komandir sənsən. Mən səninlə birlikdə bu döyüşə rəhbərlik edəcəyəm. Ənvər müəllim çox gözəl bir insan idi. O uzun müddət polis orqanlarında xidmət etmişdi. Bu orqanda yüksək vəzifələrdə işləyib. Müəyyən səbəblər ucbatından o həmin orqanda uzun müddət işləsə də polkovnik rütbəsi ala bilməmişdi. Milli Qvardiyanın ilk komandanı olmuş polkovnik Azər Bahadur oğlu Babayevlə yaxın dostluq münasibətləri nəticəsində o, Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinə komandir təyin edilmişdi. Bu vəzifə polkovnik rütbəsinə uyğun idi. O polkovnik rütbəsi alıb yenidən polis orqanlarına qayıtmaq istəyirdi. Lakin Azər Babayevin Milli Qvardiya komandanı vəzifəsindən azad edilməsi onu məyus etmişdi. Bundan mənim xəbərim var idi. Onun komandan əvəzi mərhum Tahir Məmmədovla olan münasibətini də bilirdim. Xüsusi təyinatlı dəstəyə komandirlik edib, döyüşlərdə iştirak etmək çox ağır bir məsələ idi. Ənvər Mirzəyevin bu yaşında döyüşdə iştirak etmək üçün döyüş bölgəsinə gəlməsi onun qoxmaz, mərd, qururlu insan olduğundan xəbər verirdi. Xüsusi təyinatlı dəstə üzvləri arasında qısa müddət ərzində gəlməsinə baxmayaraq xüsusi hörmətə malik idi. O Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin döyüş bölgəsində olan hissəsini düzüb briqada komandirinin əmrini onlara çatdırdı və mənim döyüşə komandir təyin olunduğumu bildirdi. Onlar məni çox gözəl tanıyırdılar. Əksəriyyətini qvardiyaya işə mən götürmüşdüm. Xüsusi təyinatlı dəstə üzvi olmalarında mənim zəhmətim var idi. Bura gələn dəstə üzvlərinin bir çoxu keçirilən əməliyyatlarda, döyüşlərdə mənim tabeçiliyimdə olmuşdular. Mən onların qarşısında çıxış edərək dünənki döyüş barəsində qısa məlumat verdim, vaxt azlığından onlara bugünki döyüşün mahiyyətini izah etdim və bu döyüşdə əsas vəzifəmizin nədən ibarət olduğunu onlara başa saldım. Kapitan Vəlimməmədova verdiyim göstəriş əsasında dünən gələn Milli Qvardiya alayının 20 nəfər döyüşçüsü də xüsusi təyinatlı dəstənin 40 nəfər üzvü ilə birlikdə sıraya düzülmüşdilər. Dəstəni üç hissəyə bölüb hər bir hissənin komandirini təyin etdim. Komandirlərə ayrıca döyüş tapşırığı verib, döyüşə hazırlaşmaq üçün 13.20-yə kimi vaxt verdim. Məngələnata, Üçtəpə postlarında duran Qvardiya alayının döyüşçüləri iki gün idi ki, postlardan çıxmayıb səngərlərdə gecələyirdilər. Onları dəyişməyə qüvvə yox idi. Bu məni narahat edirdi. Qvardiyaçılar həddindən artıq yorulmuşdular. Bugünki döyüşdə də onların boynuna çox məsuliyyətli bir iş düşürdü. Onlar bizi bu hücum zamanı erməni hərbi birləşmələrinin əks- hücum əməliyyatlarından qorumalı idilər. Bütün bunları nəzərə alıb kapitan Rüfət Vəlimməmədova xüsusi tapşırıq verib, Məngələnata dağındakı döyüşçülərə rəhbərlik etmək üçün ora göndərmişdim. Orada 70 nəfər Milli Qvardiya alayının döyüşçüsü var idi. Onlar hər an düşmən üzərinə hücuma keçməyə hazır idilər. Bizim qarşımızda qoyulan əsas vəzifələrdən biri Məngələnata dağının ətəyi istiqamətində, Gövşad çayının sol girəcəyini kəsmək və milli ordu döyüşçülərinin düşmən üzərinə hücumu zamanı düşmənin əks- hücumunun qarşısını almaq idi. Biz saat 14.00-da tapşırığa əməl etmək üçün tam hazırlıqlı şəkildə, qruplara bölünmüş halda hərbi döyüş taktikasına uyğun olaraq gizli surətdə hücum edəcəyimiz istiqamətdə meşənin içi ilə hərəkət edib, əvvəlcədən planlaşdırılmış yerdə öz mövqeyimizi tutmuşduq. Rabitəni yoxladım. Hər şey qaydasında idi. Hücum etmək olardı. Məngələnata dağındakı döyüşçülərlə rabitə əlaqəsinə girib, kapitan Vəlimməmədova döyüşə hazır olmaları barədə göstəriş vermişdim. Ona xüsusi olaraq bir daha tapşırdım ki, düşmən artilleriyasından qvardiyaçıları qorusun. Sonra briqada komandirinə döyüşə hazır olmağımız barədə məlumat verdim.
Saat 14.40-da bizim artilleriya Qradlarımız işə düşdü. Düşmən istiqaməti atəşə tutuldu. Saat 15.00-da tank və bizim iki zirehli döyüş maşını bir ədəd PDM-1 döyüş maşını ilə birlikdə hücuma keçdi. İki tank və bizim iki zirehli döyüş maşını düşmənin mövqeyinə yaxınlaşdı. Bu zaman çox güclü atışma başlamışdı. Bizim tanklar Gövşad kəndinə girib düşmənin sağ sahildəki istehkamlarını darmadağın etdilər. Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin döyüşçülərinə düşmən qüvvələrini məhv etmək üçün Gövşad çayının sağ və sol tərəfini tutmağı əmr etdim. Qvardiyaçılar hücuma keçərək çayın sağ və sol tərəfini tutdular. Biz düşmənin çox şiddətli atəşi altına düşdük. Yerdən baş qaldırmaq mümkün deyildi. Çayın sağ sahili boyu Gövşad kəndi istiqamətində zirehli texnikanın ardınca düşmən üzərinə hücum etmək əmri alan Milli ordunun 848 â„– -li taborunun döyüşçüləri deyilən istiqamətdə hücuma keçsələr də yarı yolda hücum edilən istiqamətdə yerləşən alçaq təpənin arxasına girib gizləndilər. 848 saylı taborun döyüşçülərinin hücuma keçməməsi Milli Qvardiya döyüşçülərini mühasirə şəraitinə salmış oldu. Bu barədə briqada komandirinə məlumat verdim. Bizim zirehli texnikamız çox riskli hərəkət edərək düşmən səngərlərinə girmiş olsalar da canlı qüvvə tərəfindən kömək gəlmədiyi üçün pis vəziyyətə düşmüş oldular. Onlar düşmənin çox güclü artileriyası və zirehli texnikasının atəşinə məruz qaldılar. Düşmən bizim bir ədəd zirehli texnikamızı vurdu. Bu zaman artıq bizim tanklarımız geri qayıtmağa məcbur oldular. Milli Qvardiyaya məxsus olan, ermənilər tərəfindən vurulan zirehli texnikanın şəxsi heyəti məcburiyyət qarşısında maşınları tərk etdilər. Vurulan zirehli döyüş maşını döyüş mövqeyində qaldı. Milli ordunun iki tankı düşmən tərəfindən vurularaq zədələndi. Onlar da geri çəkilməyə məcbur oldular. Tankçılarımızın göstərdikləri igidliklər bizi daha da ruhlandırırdı. Ermənilər geri qayıdan tankımızı tank əlehinə idarə olunan zenit qurğusu ilə vurdular, (TƏİR) ermənilər tərəfindən vurulan tankın içindən tankın ekipajı çox çətinliklə də olsa salamat çıxa bildilər. Biz nəyin bahasına olursa-olsun onları döyüş mövqeyindən çıxarmağı qərara aldıq. Odur ki, çayın sağ və sol sahili istiqamətində irəliləyib düşmənə zərbələr endirdik. Ermənilərin atəş nöqtələrini susmağa məcbur etdik. Tankçılar bundan istifadə edib sağ-salamat döyüş mövqeyindən çıxdılar, bir tankçı isə artıq yanan tankdan sıxa bilməmişdi. Sonradan həmin qəhrəmanın adını öyrənə bilmişdik. Bu, bizim gözümüz önündə misilsiz igidlik göstərən tankçı Ramiz idi. Tankçıları düşmən mühasirəsindən çıxartdığımız zaman düşmənin zirehli texnikası və canlı qüvvəsi bizim üstümüzə hücuma keçmişdilər. Bu barədə briqada komandirinə məlumat verdim. O mənə geri çəkilməyi əmr etdi. Məngələnata dağı ətəyindəki postlardan qəfil çıxan erməni döyüşçüləri hücuma keçib, bizi mühasirəyə almaq istəsələr də, Məngələnata dağında yerləşən Milli Qvardiya döyüşçüləri vaxtında hərəkət edib, onların hücumunun qarşısını ala bildilər. Məngələnata dağında qvardiyaçılar tərəfindən quraşdırılan tank əleyhinə idarə olunan zenit raket qurğusundan atılan mərmi dəqiq zərbə ilə hücum edən erməni tankına dəyib onu partlatdı. Bunu görən erməni tankları geri çəkilməyə məcbur oldular. Bizim iki döyüşçümüz-qvardiyaçı Bayramov Asif Şakir oğlu sol qolundan və qvardiyaçı Əliyev Bəhmən Həsən oğlu başından güllə yarası almışdı. Milli Qvardiya döyüşçülərinin şiddətli müqaviməti ilə üzləşən erməni döyüşçüləri məcbur olub hücumu dayandırdılar. Yanımda olan Milli Qvardiyanın tibb leytenantı Hüseynov Mirsadıq Mirdamət oğlu və rabitəçilər yaralılara ilk tibbi yardım göstərib, onları döyüş mövqeyindən çıxarda bildilər. Daha ağır xəbər rabitə vasitəsi ilə Məngələnata dağındakı Qvardiya döyüşçülərinə mənim əmrimlə rəhbərlik edən kapitan Rüfət Vəliməmmədov tərəfindən verildi-Qvardiyaçı Hüseynov Hüseyn Şakir oğlu erməni döyüşçülərinin hücumunun qarşısını alan zaman erməni tankından atılan top mərmisinə tuş gəlib, ölümcül dərəcədə yaralanıb. Çox ağır bir vəziyyətdə Füzulidəki hərbi xəstəxanaya göndərilib...
Ardı var...






























































































