İran Zəngəzur dəhlizinə qarşı deyilsə, nədən narahatdır? – “Tehran 50 milyon soydaşımızı unutmamalıdır”

İran Zəngəzur dəhlizinə qarşı deyilsə, nədən narahatdır? – “Tehran 50 milyon soydaşımızı unutmamalıdır”

Hazırda oxunan: İran Zəngəzur dəhlizinə qarşı deyilsə, nədən narahatdır? – “Tehran 50 milyon soydaşımızı unutmamalıdır”

91011

İranın ölkəmizdəki səfiri Abbas Musəvinin avqustun 27-də Şuşada jurnalistlərə verdiyi açıqlama müəyyən suallar doğurub. Belə ki, cənub qonşumuzun Azərbaycandakı baş diplomatı ölkəsinin Zəngəzur dəhlizinə qarşı olmadığını açıqlayıb.

Lakin səfir İrandan keçməklə Azərbaycanı Naxçıvanla birləşdirən yolu əsas dəhliz, digərlərini isə alternativ kimi qiymətləndirib.

Bəs, İran Zəngəzur dəhlizinə qarşı deyilsə, onu narahat edən nədir?

Sualı Bizim.Media üçün cavablandıran BAXCP-nin sədr müavini, politoloq Niyaməddin Orduxanlı qeyd edib ki, Abbas Musəvinin açıqlamaları İranın son dövrlərdəki Azərbaycan siyasətilə üst-üstə düşmür:

“Çünki İran Azərbaycana qarşı milli və dövlətçilik maraqlarını təhdid edəcək qədər aqressiv siyasət aparır. İran Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra qeyri-adekvat mövqe sərgiləyir. Lakin Tehran düşünməlidir ki, əhalisinin 50%-i Azərbaycan türküdür. Və bu cür demoqrafik durumu olan dövlət Azərbaycanla dostluq siyasəti aparmalıdır”.
Politoloqun sözlərinə görə, Azərbaycan İrandan fərqli olaraq heç zaman bu ölkənin daxili siyasətinə müdaxilə etməyib:

“Biz hər zaman qonşuluq prinsipinə, ikitərəfli əlaqələrə sadiqliyimizi nümayiş etdirmişik. Əvəzində, Zəngəzur dəhlizinin reallaşması ərəfəsində İran Qafanda konsulluğunun açılacağını bəyan edir, öz mollalarıyla, keçmiş səfirilə Azərbaycan əlehinə fikirlər bildirir, sanki onlar Zəngəzur dəhlizinin əlehinə olduğunu ortaya qoyur. Lakin İranın mövqeyindən asılı olmayaraq, Zəngəzur dəhlizi reallaşacaq. Tehranın mövqeyi qəbuledilməzdir”.

Niyaməddin Orduxanlı İranın ritorikasının cənubdakı soydaşlarımızın milli hisslərinə toxunduğunu da diqqətə çatdırıb:

“Söhbət 50 milyonluq xalqdan gedir. Açıq şəkildə biz görürük ki, orada yaşayan soydaşlarımız hər zaman Qarabağ məsələsində öz milli mövqelərini nümayiş etdiriblər. 44 günlük müharibədə ermənilərə silah daşıyan tırların qarşısının alınması, etiraz aksiyalarının keçirilməsi, Təbrizdə keçirilən futbol oyunlarında Azərbaycana verilən dəstək də göz önünüdədir. Düşünürəm ki, İran molla rejimi Ermənistana açıq şəkildə verdiyi dəstəyi dayandırmalıdır. 

Hər iki dövlətin əhalisinin 90%-dən çoxu müsəlmandır və ən azı buna diqqət yetirilməlidir. Eyni zamanda İranın da maraqlarına cavab verər ki, Azərbaycan və Türkiyə ilə normal əlaqələr qurulsun.
Bu hər üç tərəfin maraqlarına uyğundur. Lakin hər gün fərqli təhdiddolu bəyanatların verilməsi məntiqə sığmır. Tehran unutmamalıdır ki, Azərbaycan Türkiyə və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayıb, eləcə də Pakistan və İsraillə dostluq münasibətləri var”.

Politoloq əlavə edib ki, bütün hallarda İranın atdığı addımlar onun özünün əlehinədir:

“Çünki Azərbaycan heç bir halda Zəngəzur dəhlizi layihəsindən geri çəkilməyəcək”.

Murad Əhmədov, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO