Bizi dəyişən müharibə. Vahid Qazi yazır

Bizi dəyişən müharibə. Vahid Qazi yazır

Hazırda oxunan: Bizi dəyişən müharibə. Vahid Qazi yazır

876

Vətən müharibəsidir! Azərbaycanın hər vətəndaşı yaşayır bu müharibəni, dünyanın harasında yaşamasından asılı olmayaq – ona görə Vətən müharibəsidir!

Əvvəlki Qarabağ savaşını Vətən müharibəsinə çevirə bilmədiyimizə görə uduzmuşduq. Yaxşı xatırlayıram! O vaxt müharibəni döyüşlərin getdiyi yerlərin sakinləri, bir də Azərbaycanın başqa bölgələrindən cəbhəyə oğul göndərən ailələr yaşayırdı.

Bu gün hamımızındır bu müharibə!

Bu müharibə simamızı dəyişib. Daha ruhu əzilmiş, qəddi əyilmiş, özünə inamını itirmiş, ümidsiz, çarəsiz, yetim deyilik. Bir millət kimi dikəlmişik.

Bəlkə də bu, 100 il öncə yarımçıq qalan millətləşmə prosesinin bərpası, başlanğıcıdır?!

O gün Stokholmda yaşayan bir güneyli dostum deyirdi ki, bu 30 ildə güneylilər də dəyişib. “Qarabağ güneydə milli ruhun oyanmasında katalizator rolunu oynayıb”, – onun sözüdür. "Güneyin bütün iri şəhərlərində xalq ayağa qalxıb “Nurduz gərək bağlana” çağrışıyla mitinqlər keçirir, Ermənistanla sərhədin bağlanmasını tələb edir."

1918-ci ildə Bakının azad olunmasından bəri Türkiyəni heç vaxt indiki qədər iki canda bir qəlb görməmişdik. Qardaş əlini çiynimizdə, nəfəsini üzümüzdə duyuruq bu gün.

Tək millətin yox, sanki, dövlətin də siması dəyişib. Vətəndaşlarını qorumağa qadir olduğunu sərgiləyən dövlətə çevrilib dövlətimiz. Qorxunc sifətin (Mehdiyev sayaq) yerini qəlbləri güvənlik duyğusuyla isidən sima (Hacıyev kimi) tutub.

Qorxunu sevgi əvəzləyib!

Prezident də əvvəlki deyil, elə bil. Xalqa müraciətlərində, xarici jurnalistlərə müsahibələrində bir başqa prezident görürük. Qarşımızda toplumun birliyindən, inamından vəcdə gəlib, xalqına bel bağlayıb düşmənlə cəsarət dilində danışan prezident var.

18 Oktyabr müstəqilliyimizin bərpa olunduğu gündür!

Əli, ünü, prezidentə demirəm, köməkçisi Hikmət Hacıyevə çatan olsaydı – sizin kimi mənim də ona qanım qaynayır – xahiş edərdim bu yazdıqlarımı çatdırardı. Əvvəlkilərə baxmayın, o, xalqın sözünü prezidentə deyər. 

Azərbaycan xalqı heç vaxt bu qədər Qarabağcanlı olmayıb! Qarabağ qırıq sapdan dağılan muncuq dənələri kimi dünyanın dörd bir tərəfinə yayılan soydaşlarımızı, Güneydəkilər qarışıq, bir yerə toplayan milli oyanış ideyasına çevirib. 

Bu tək Vətən müharibəsi deyil, həm də ruhumuzun Dirçəliş hərəkatıdır! Və bu hərəkatı qələbəylə başa vurmağa tarix ona bir şans verib. Millətin yumruq kimi birləşdiyi bu günlərdə bu yumruqdan bir barmağın belə açılmasına imkan verməməliyik. Bu gün bütün xalqı ümummilli Qarabağ ideyası ətrafına yığa bildiyi kimi o yumruğu qorumaq da prezidentin görəvidir.

Biz bu ruhu dirçəlişimizin fonunda ölkə başçısından yenə və yenə humanist addımlar gözləyirik. Uzaq 90-cı illərdən həbsdə qalan OMON-çulardan üzü bu yay tutulmuş “Qarabağ məhbusları”nacan hər Qarabağ savaşçısını, haqsız tutulan hər kəsi azadlığa buraxaq! Ümummilli etimad naminə!

O gün İsveç parlamentində erməniyanlı deputatlar ölkənin xarici işlər nazirini Qarabağla bağlı məşhər ayağına çəkmişdilər. Bizə diktatura ölkəsi deyirdilər. Bu, başqa ölkələrdə də belədir, bilirəm. Biz dəyişən, humanistləşən simamızla bunun belə olmadığını da göstərə, bizə uzanan dilləri kəsə bilərik. 

Bir çoxunun azadlıqlarına qovuşmaq vaxtlarıdı məncə. Bəzilərini şəxsən tanıyıram – Qarabağ, vətən yolunda ölümə gedəsi oğullardı.

Bu cümə İsveç polisi Stokholm küçələrini bağlayıb hərəkəti dayandıran erməniləri "iti qovan kimi" qovdu. Bu ölkənin hökumət, parlament üzvlərinə, mətbuatına, ictimaiyyətinə məktub, məqalə, müraciətlərimizdə əsas mesajımız budur ki, niyə biz azərbaycanlıları anlamırsınız, axı, bu ermənilər 30 ildir, bax beləcə, bizim torpaqlarda oturublar, çıxmırlar. Biz də qovacayıq...

Şuşalı dostum Hikmət Sabiroğlu qızımın İsveç mətbuatı üçün yazdığı “İsveçdə yanlış Qarabağ təsəvvürü” adlı məqaləsini novator.az saytında dərc edəndən sonra mənə bir mesaj atdı. Mesajında yazırdı ki, bizim o vaxt itirdiklərimizi balalar qanları ilə alır, namusumuzu ləkədən qurtarırlar. Acı həqiqəti deyir Hikmət. Biz yükümüzü balaların çiyninə vermişik. Babalardan aldığımız mirası biz də balalara ötürmüşük. 

Bu dəfə son olmalıdır! Bu qanlı mirası gələcək nəsillərə saxlamaq istəmiriksə, heç bir muxtariyyat söhbətini yaxına buraxmamalı, davanı bizimlə yaşamaq istəməyən sonuncu erməni qovulanacan aparmalıyıq. Əks halda 30, 50, 100 il sonra bir də başlayacaq bu dava.

Bu ağır və şərəfli günlərdə Tanrı ordumuza, xalqımıza, dövlətimizə yar olsun! Bizi dəyişən müharibə qələbəmizlə sona çatsın! 

P.S. Bu arada havada Cıdır düzünün kəklikotu qoxusu var...

Vahid Qazi,

İsveçin Helsinqborq şəhərindən yazır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO