“Paşinyanın belə bir açıqlaması Azərbaycanla aparılan sülh danışıqlarına ümidlə yanaşmasının göstəricisidir”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Sərhəd Qoşunlarının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə respublikanın bütün sərhədlərinin mühafizəsinin ölkənin sərhəd qoşunlarına verilməsinin zəruriliyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi hesab edir – ERMƏNİ DEPUTAT
“44 günlük müharibədə məğlubiyyət nəticəsində Ermənistan cəmiyyəti və ordusunda mənəvi-psixoloji deqradasiya baş verib. Paşinyan Ermənistanın bütün dövlət sərhədini sərhəd qoşunlarının nəzarətinə verməklə bir neçə məqsəd güdür. Bir tərəfdən, o bu addımla Ermənistanın Rusiyanın təsirindən qurtulmasını hədəfləyir. Amma digər tərəfdən, bu açıqlama Azərbaycanla aparılan sülh danışıqlarına müsbət impuls vermək məqsədi də daşıya bilər.
Sərhəd qoşunları yalnız dinc məqsədlər üçün dövlətlərarası sərhədlərin qorunmasında istifadə olunan qoşun növüdür.
Ermənistanla Azərbaycanın atəşkəs rejimində yaşadığını və hər an erməni revanşistləri tərəfindən müharibənin yenidən alovlana biləcəyi risqini nəzərə alsaq, Bakının da işğaldan azad edilmiş ərazilərimizə Milli Ordunun Xüsusi Təyinatlı Komanda hərbi hissələrini yerləşdirdiyini görərik.
Sərhəddə sərhəd qoşunlarının olması isə daha çox qonşularla dinc münasibətlərin əsas götürülməsinə əsas verir.
Fikrimcə, Paşinyanın bu açıqlaması həm də Azərbaycanla aparılan sülh danışıqlarına ümidlə yanaşmasının göstəricisidir. Ermənistanın ümumi sərhədinin hardasa 63 faizi Azərbyacanla sərhədə düşür. Belə bir mərhələdə Paşinyanın Azərbaycanla sərhəddə sərhəd qoşunlarının yerləşdirilməsindən danışması Bakı ilə aparılan sülh danışıqlarının yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə ümid yaradır”.
Rüfət Sultan, Bizim.Media