Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 7-də Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, səfər “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suverin dəvəti ilə baş tutur.
Vəqfin təşkilatçılığı ilə 7-9 iyunda İstanbulda baş tutacaq XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində Şeyxülislam A.Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edəcək.
Dörddə bir əsr ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçıları, parlamentarilər və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının builki zirvəsində postpandemiya dövründə dünyada yaşanan sosial və iqtisadi problemlərin həlli yolları müzakirə ediləcək, enerji və ərzaq təhlükəsizliyi problemləri gündəmdə olacaq.
Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə görüşünün nüfuzlu iştirakçıları ilə də görüşlər keçirəcək.
Bizim.Media